Bakı. APA-Economics - Musa Əhmədov. Bu ilin yanvar-sentyabr aylarında sığorta haqlarının 65%-i və ya 204,1 mln. manatı könüllü sığorta növlərinin payına düşüb.
“APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov deyib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% və ya 1,6 mln. manat çoxdur.
İcbarı sığorta növləri üzrə yığımlar isə 110 mln. manat və ya bazarın 35%-ni təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə icbari sığorta bazarı 9,1% və ya 9,15 mln. manat artıb.
2014-cü ilin 9 ayında ümumi ödənişlərin 73,8%-i və ya 85,9 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığortalar üzrə ödənişlər ötən ilin eyni dövrünə nisbətən 38,9% və ya 24 mln. manat artıb. İcbarı sığorta növləri üzrə ödənişlər isə 14,3% və ya 3,8 mln. manat artaraq 30,5 mln. manata çatıb.
Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 42,1 manat ödəniş həyata keçirilib. Ötən ilin yanvar-sentyabr aylarında bu göstərici 30,5 manat olub. İcbarı sığorta üzrə toplanan hər 100 manat üzrə ödəniş isə ötənilki 26,5 manatdan 27,8 manata qalxıb.