Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvar-may aylarında Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə, bazarın lideri “Paşa Sığorta” şirkəti olub.
“APA-Economics” xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov deyib ki, şirkət 5 ay ərzində 36 mln. manat sığorta haqqı toplayıb. Sonrakı yerləri tutan “Paşa Həyat Sığorta”nın yığımları 29,5 mln. manat, “Atəşgah Sığorta”nın yığımları isə 20,8 mln. manat olub. Sığorta yığımlarının məbləğinə görə, ilk beşliyi “Atəşgah Həyat Sığorta” (18,5 mln. manat) və “Azərsığorta” (16,2 mln. manat) şirkətləri tamamlayır. Ümumilikdə bazarın 59,7%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (124 mln. manat) düşür.
Ən az sığorta haqqı toplayanlar isə “Rəvan Sığorta” (816 min manat), “Başak İnam” (564 min manat), “Amrah Sığorta” (394 min manat), “Azərqarant” (135 min manat) və “Günay Sığorta” (41 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi 1,95 mln. manat olub və ümumi sığorta yığımlarının 0,9%-ni təşkil edib.
Ötən ay lisenziyası ləğv edilmiş “Era-Trans”, praktiki olaraq fəaliyyətini dayandırmış “Çartis Azərbaycan” sığorta şirkətləri isə təbii olaraq sığorta haqqı toplamayıb.
Ümumilikdə 27 sığorta şirkətindən 2-də sığorta haqlarının məbləği 20 mln. manatdan çox, 4 şirkətdə 10 mln. manatdan çox, 5 şirkətdə 5-10 mln. manat arasında, 8 şirkətdə 1 mln. manatdan 5 mln. manata qədər, 2 şirkətdə 500 min manatdan 1 mln. manata qədər, 6 şirkətdə isə 500 min manatdan da aşağıdır. Şirkətlərdən 11-də sığorta haqlarının artımı, 16-da isə azalması baş verib.