Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2012-ci il üzrə tədiyyə balansında əks etdirilən xarici dövlətlərlə iqtisadi əlaqələrdə qarşılıqlı xidmətlərin ümumi həcmi 11 485,4 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bunun 7 204,6 mln. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 4 280,8 mln. dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərin dəyəridir.
Beləliklə, xidmətlər balansının saldosu mənfi 2 923,8 mln. dollar olub ki, bu da 2011-ci ilə nisbətən 2,4% azdır.
Qarşılıqlı xidmətlər dövriyyəsinin 14,9%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşüb. Ümumi dəyəri 1 708,7 mln. dollar olan nəqliyyat xidmətlərinin 56,7%-i Azərbaycan rezidentlərinin xarici dövlətlərin nəqliyyat sistemlərindən istifadə etmələri ilə əlaqədar olub. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdiyi nəqliyyat xidmətlərinin ümumi dəyəri isə 740,3 mln. təşkil edib. Beləliklə, nəqliyyat xidmətləri üzrə mənfi saldo 228,0 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 19,4% çoxdur.
Ötən dövr ərzində xarici ölkə vətəndaşlarına turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 2 433,3 mln. dollar məbləğində olub. Öz növbəsində xarici ölkələrdə Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 2 476,9 mln. dollar məbləğində olub. Nəticədə, turizm xidmətləri üzrə 43,6 mln. dollar həcmində mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 9,2 dəfə azdır. Bu, turizm xidmətləri üzrə daxilolmaların həcminin yüksək templə artması nəticəsində baş verib. Belə ki, turizmlə bağlı daxilolmaların həcmi 1,9 dəfə, ödənişlər isə 46,7% artıb.