APA-nın verdiyi məlumata görə, tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərov, Ombudsman Elmira Süleymanova, Mətbuat Şurasının sədri Əflatun Amaşov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, millət vəkili Fazil Mustafa, agentliklərin, portalların və qəzetlərin baş redaktorları iştirak edirlər.
Konfransda çıxış edən Vüqar Səfərov deyib ki, Azərbaycan prezidentinin sərəncamı ilə insan hüquqları ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib. O bildirib ki, KİVDF Milli Fəaliyyət Planı çərçivəsində tədbirlər keçirir.
Ombudsman Elmira Süleymanova qeyd edib ki, informasiya məkanında ən dəyərli məsələ informasiyanın əldə edilməsidir. Onun sözlərinə görə, 2010-cu ildə qanunvericiliyə edilən dəyişikliklərdən sonra Ombudsman dövlət qurumlarından informasiya əldə edilməsinə nəzarəti həyata keçirir. E.Süleymanova informasiya ombudsmanı təsisatının yaradılması ilə bağlı Avropada təcrübələrin olduğunu qeyd edib. Avropada bu təsisat ya ombudsman təsisatlarında bir şöbə, ya da ayrıca bir qurum kimi yaradılır: “Bəlkə də biz yeganə bir təsisatıq ki, ölkənin 58 rayonunun hər birində maarifləndirmə işləri aparırıq. Bu zaman insan hüquqları və informasiya ombudsmanı kimi vəzifələrimizi əsas götürürük. Bu məsələlər ətrafında müzakirə aparmağı təklif edirəm”.
Əflatun Amaşov informasiya əldə edilməsinin hər bir ölkədə söz azadlığının əsasını təşkil etdiyini söyləyib. O xatırladıb ki, Konstitusiyanın 50-ci maddəsində hər bir kəsin azad informasiya əldə etmək hüququ əksini tapıb. “İnformasiya əldə etmək haqqında” qanuna görə, açıq və qapalı informasiyalar var. Qapalı informasiyalar gizli və məxfi informasiyalara bölünür: “KİV-in sorğusuna cavab olaraq təşkilatlar informasiyanı bir həftə ərzində, təcilidirsə, 24 saat ərzində, insan sağlamlığı ilə bağlıdırsa, 48 saat ərzində açıqlamalıdırlar. Əgər informasiya alanın hüquqları pozulursa, Cinayət Məcəlləsinə görə, KİV-ə informasiya verməkdən imtina edənlər 100-500 manat cərimələnə və 1 il, vəzifəli şəxs informasiyanı verməkdən imtina edirsə, 2 il islah işlərinə cəlb oluna bilər”.
Elmira Süleymanova Konstitusiyanın 50-ci maddəsini xatırladaraq dövlət qurumları və təşkilatların tək jurnalistlərə deyil, hər bir vətəndaşa informasiya verməli olduğunu nəzərə çatdırıb.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə nəzərə çatdırıb ki, vətəndaşlara elektron xidmətlər vahid bir portal - elektron hökumət portalı üzərindən təklif edilir: “Hələlik bu proses mərkəzi icra orqanları səviyyəsində həyata keçirilir. Yerli icra orqanları səviyyəsində də elektron xidmətlərin tətbiqi planlaşdırılır. Hazırda elektron hökumət portalından istifadə edənlərin sayı 746 min nəfərə çatıb. Portala elektron xidmət üçün daxil olan istifadəçilər orta hesabla 5 dəqiqə sərf edirlər”.
Millət vəkili Fazil Mustafa beynəlxalq ekspertlərin Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycanda informasiya əldə etmək imkanlarını daha yüksək dəyərləndirdiyini bildirib: “Azərbaycandan fərqli olaraq, Gürcüstan və Ermənistanda informasiya yalnız yazılı şəkildə təqdim olunur. Amma bizdə vətəndaşın tenderlərdən məlumat əldə etmək hüququ yoxdur. Hətta deputatdan maaşını soruşurlar, demir. Niyə maaşını açıqlamayasan? Bir “Asan Xidmət” ilə Azərbaycan cəmiyyətində böyük düşüncə dəyişikliyi oldu. Vətəndaş inandı ki, 15 dəqiqə ərzində müraciətinə cavab ala bilər. İnformasiya alınması ilə bağlı fundamental məsələlərə yeni yanaşma vacibdir”.