Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilib.
“APA-Economics”in məlumata görə, biznes forum Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə baş tutub.
Biznes forumda hər iki tərəfdən maliyyə, sənaye, ətraf mühit, kənd və meşə təsərrüfatı, enerji, tikinti sahəsində fəaliyyət göstərən 60-dan çox iş adamı iştirak edib.
İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdiyini vurğulayıb. O bildirib ki, indiyə kimi, iki ölkə arasında 20-dən çox sənəd imzalanıb: “Bütün bunlar iki ölkə arasında əməkdaşlığın genişlənməsində olduqca əhəmiyyətlidir. Bu, iqtisadi-ticarət əlaqələrinin genişlənməsində, iş adamları arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətlidir”.
N. Səfərov deyib ki, hazırda Azərbaycanda 13 çex kapitallı şirkət fəaliyyət göstərir: “Son 10 il ərzində Çexiyadan ölkəmizə əsas kapitala 1 mlrd. dollar investisiya yatırılıb. Biz Çexiya ilə investisiya qoyuluşu və ticarət əlaqələrinin inkişafı sahəsində çox maraqlıyıq”.
Çexiyanın sənaye və ticarət nazirinin müavini İrji Qavlişek isə bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün geniş imkanlar var: “Çexiya ilə Azərbaycan arasında mövcud potensialın səmərəli istifadə olunmalıdır”.
O, Çexiya-Azərbaycan əlaqələrinin iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini, iqtisadi əlaqələrin inkişaf istiqamətlərini qeyd edib.
Biznes forumda Azpromo-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına dair təqdimatla çıxış edib.
Sonra Çexiyanın Ticarət və Sənaye Palatasının MDB üzrə icraçı direktoru Frantişek Masopust ölkəsinin iqtisadiyyatına, iş adamları arasında əməkdaşlıq imkanlarına dair təqdimatlarla çıxış edib.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.