Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilib.
“APA-Economics”in məlumatına görə, iki ölkə arasında ilk dəfə keçirilən biznes forumda İKT, kənd təsərrüfatı, logistika və digər sahələri əhatə edən iş adamları iştirak edib.
Biznes forumda çıxış edən Azərbaycan iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev bildirib ki, bu günə qədər Azərbaycanla Kamboca arasında çox böyük ticarət əlaqələri olmayıb, amma bu görüşlər və keçirilən biznes forum iki ölkənin ticarət və iqtisadi əlaqələrini genişləndirə bilər: “Azərbaycanda bunda maraqlıdır və ölkəmiz bu ölkə ilə iqtisadi əlaqələrini genişləndirmək niyyətindədir”.
S. Babayev deyib ki, bu gün Azərbaycan 150-dən artıq ölkə ilə iqtisadi, ticarət əlaqələri yaradıb: “Azərbaycan biznes qurmaq üçün olduqca əhəmiyyətli ölkədir və bunun üçün bütün imkanlar yaradılıb”.
Nazir müavinin sözlərinə görə, biznes forumda 40 Azərbaycan şirkətinin nümayəndəsi iştirak edir.
Kamboca Krallığının Ticarət naziri və inkişaf şurasının sədr müavini San Çanthol bildirib ki, 2012-ci ildə Kombocadan Azərbaycana 500 min ABŞ dolları həcmində məhsul ixrac olunub. “Azərbaycandan isə bizim ölkəmizə ixracatın həcmi 3,5 mln. dollar təşkil edib. Bu çox kiçik rəqəmdir”, - deyə o bildirib.
S. Çanthol, iqtisadi əlaqələri genişləndirmək məqsədilə Azərbaycan və Kamboca hökumətlərarası iqtisadi komissiyaların yaradılmasını təklif edib. Bununla yanaşı, o, Azərbaycan iş adamlarını Kambocaya dəvət edib: “Kamboca kimi yoxsul ölkəyə investisiya yatırımı etmək çox asandır. Ölkəmizdə əhali o qədər də çox deyil. Amma bununla belə bizim hökumətimiz istənilən ölkə ilə ticarət əlaqələrini genişləndirməkdə maraqlıdır. Kamboca hökuməti xalqına yeni iş yerlərinin açılmasında maraqlıdır və ölkəyə yatırılan investisiya yatırımlarını artırmaq fikrindədir”.
Biznes forum sonda iş adamlarının və biznesmenlərin ikitərəfli görüşləri ilə davam edib.