Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Bakıda Azərbaycan-Latviya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclası keçirilib.
«APA-Economics»in məlumatına görə, komissiyanın Azərbaycan tərəfdən həmsədri olan nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, iclasda iki ölkə arasında əlaqələrin gələcək inkişafı ilə bağlı məsələlər müzakirə edilib. Burada həm işçi qrupları, həm də təkliflər və suallar ətrafında ətraflı müzakirələr aparılıb. «2009-cu ildən etibarən indiyədək iki ölkə arasında ticarət dövriyyəsinin 2 dəfədən çox artması Azərbaycan və Latviya arasında əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir», - deyə Z.Məmmədov vurğulayıb.
Öz növbəsində Latviyanın nəqliyyat naziri Anrijs Matiss qeyd edib ki, bu gün həmçinin iki ölkənin iş adamları arasında biznes forumun keçirilməsi biznes sahəsində əlaqələrin daha da genişlənməsinə imkan yaradacaq.
İclasda hər iki tərəfdən İKT, təhsil, səhiyyə, maliyyə və digər sahələri təmsil edən qurumların nümayəndələri iştirak ediblər.
Tədbirin sonunda iki ölkə arasında komissiyanın iclasının yekunlarına dair protokol imzalanıb.