Bakı. Musa Əhmədov - APA-Economics. Rusiyada törəmə müəssisəsi olan Azərbaycan Beynəlxalq Bankı (ABB) rublla əmanət qəbulunu bərpa etməyib.
“APA-Economics”in məlumatına görə, artıq 6 aydır ki, ABB Rusiyanın milli valyutası ilə əmanət qəbul etmir.
ABB-nin saytında yerləşdirilmiş məlumatlardan məlum olur ki, bankda hazırda manat və dollardan başqa digər valyutalar üzrə əmanət məhsulu yoxdur. Başqa sözlə, indi əmanətlər yalnız manat və dollar ilə qəbul edilir.
Rublla əmanətlərin bərpa olunması tarixi isə hələlik məlum deyil.
Xatırladaq ki, ABB İdarə Heyətinin 17.04.2015-ci il tarixli qərarına əsasən, 21.04.2015-ci il tarixindən etibarən Rusiya rublu valyutasında depozitlər (əmanətlər) ləğv edilib.
Həmin qərara əsasən, 21.04.2015-ci il tarixindən əvvəl bağlanmış Rusiya rublunda əmanət müqavilələri müqavilə müddəti başa çatanadək qüvvədə qalır.
Yeri gəlmişkən, oktyabrın 1-dən ABB əmanətlər üzrə illik faiz dərəcəsini azaldıb. Əgər əvvəl əmanətin yerləşdirilmə müddətindən, valyuta növündən və faizlərin ödənilməsi tezliyindən asılı olaraq əmanətlərin faiz dərəcəsi illik 10-15% arasında dəyişirdisə, yeni faizlər 2-6,75% civarındadır.