Cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 46 nəfər şəxsə “Əmək veteranı” adı və vəsiqəsi verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin ötən dövründə “Əmək veteranı” adı və vəsiqəsi verilən şəxslərin sayı 46 nəfər təşkil edib. Bunu “APA-Economics”ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.
Nazirlik rəsmisi bildirib ki, müvafiq qanunvericiliyə əsasən, “Əmək veteranı” adı və vəsiqəsi yaşa görə pensiya hüququ qazanmış, uzun illər ictimai əməklə məşğul olan vətəndaşlara (əmək stajı 40 ildən artıq olan kişilərə və 30 ildən artıq olan qadınlara) verilir.
“Əgər vətəndaş əmək fəaliyyətini davam etdirirsə - hazırda işlədiyi müəssisənin, pensiyaya çıxdığı halda - sonuncu dəfə işləmiş olduğu müəssisənin yuxarı mərkəzi icra orqanı tərəfindən ona müraciətinə əsasən bu ad və vəsiqənin verilməsi təmin olunur. Şəxsin sonuncu işlədiyi müəssisə hazırda fəaliyyət göstərmirsə, yaxud hazırda işlədiyi və ya sonuncu dəfə işləmiş olduğu iş yeri qeyri-dövlət müəssisəsinə aiddirsə, belə hallarda “Əmək veteranı” adı və vəsiqəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunur. “Nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümündə “Əmək veteranı” adı və vəsiqəsinin verilməsi qaydası, bunun üçün tələb olunan sənədlərin siyahısı əksini tapıb”, - deyə E. Babayev vurğulayıb.
Şöbə müdiri sözlərinə görə, ötən il “Əmək veteranı” adı və vəsiqəsi verilən şəxslərin sayı isə 174 nəfər təşkil edib.