Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin mart ayında Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 7,77 mln. manat həcmində ipoteka krediti verilib. Bu, 2013-cü ilin fevral ayına nisbətən 43,4%, ötən ilin mart ayına nisbətən isə 3,8 dəfə artıqdır.
AİF-dən «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, bu ilin ilk üç ayında verilən ipoteka kreditlərinin həcmi 15,19 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1,5 dəfə və ya 52% çoxdur.
Ümumilikdə, Azərbaycan dövlət ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 435,5 mln. manata çatıb. Nəticədə, 2013-cü il aprelin 1-nə Azərbaycanda adambaşına düşən ipoteka kreditinin həcmi 46,4 manata çatıb.
Martda AİF tərəfindən 4,19 mln. manatlıq ipoteka krediti yenidən maliyyələşdirilib. Ümumilikdə, bu ilin ilk rübündə 12,05 mln. manatlıq ipoteka kreditləri yenidən maliyyələşdirilib. Bu, ötən ilin eyni dövrünə nisbətən 37,1% azdır.
Nəticədə, indiyədək verilən ipoteka kreditlərinin 355,42 mln. manatı və ya 81,6%-i təkrar maliyyələşdirilib.
Martda İpoteka Fondu istiqraz buraxılışı həyata keçirməyib. Nəticədə, ilk üç ay ərzində buraxılan istiqrazların məbləği 11 mln. manat məbləğində qalıb.