Bakı - APA-Economics. Bu ilin 9 ayında dövlət büdcəsinin mədaxili operativ məlumata əsasən 101,2% yerinə yetirilməklə 14,071 mlrd. manat təşkil edib.
“APA-Economics”in xəbərinə görə, bunu Nazirlər Kabinetinin iclasındakı çıxışı zamanı Azərbaycan maliyyə naziri Samir Şərifov deyib.
Nazirin sözlərinə görə, təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi 101,8% əməl etməklə dövlət büdcəsinə 5,324 mlrd. manat, 2013-cü ilin eyni dövrünə nisbətən isə 394 mln. manat və yaxud 8% çox mədaxil təmin edib.
Dövlət Gömrük Komitəsi isə 100,1% və yaxud 2013-cü ilin eyni dövrünə nisbətən 123 mln. manat, yaxud 12,2% çox mədaxil təmin edib.
Qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmalar keçən ilin eyni dövrü ilə müqayisədə 662 mln. manat və yaxud 17,5% çox olmaqla, 4,454 mlrd. manat təşkil edib.
S. Şərifov qeyd edib ki, bu ilin 9 ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.
Onun sözlərinə görə, cari ilin 9 ayında dövlət büdcəsinin xərcləri 12,694 mlrd. manat və yaxud 86% icra olunub. “Ötən dövr ərzində dövlət büdcəsi xərclərinin 24,3%-i və ya 3 milyard 82 milyon manatı sosial təyinatlı xərclərin payına düşür ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 252,0 milyon manat və ya 8,9 faiz çoxdur”, - deyə nazir qeyd edib.
2014-cü ilin 9 ayında dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri 4,172 mlrd. manat təşkil edib. Həmin vəsaitdən sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisi və yenidən qurulması üçün 1,401 mlrd. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün 2, 184 mlrd. manat, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 44 mln. manat, müdafiə təyinatlı və digər layihələrin maliyyələşdirilməsi üçün 545 mln manat vəsait yönəldilib.