«APA-Economics»in məlumatına görə, ölkə hökuməti ilə məhsuldar görüşlərin keçirildiyini bildirən M.Əhməd qeyd edib ki, o, Azərbaycan prezidenti, baş nazir və maliyyə naziri ilə görüşüb: «Biz regional perspektivləri və Azərbaycan iqtisadiyyatını ayrı-ayrı müzakirə etdik. Bu qənaətə gəldik ki, qlobal iqtisadiyyatın bərpası böhrandan sonra hələ də zəifdir və bu istiqamətdə bir sıra ölkələr müvafiq siyasi tədbirlər görməlidir».
Azərbaycan iqtisadiyyatına gəldikdə M.Əhməd bildirib ki, son illər ərzində Azərbaycan iqtisadiyyatı yaxşı göstəricilər nümayiş etdirib, əsasən də qlobal maliyyə böhranı dövründə: «Azərbaycan neft gəlirlərini effektiv istifadə edib və böhranın təsirini azalda bilib. Eyni zamanda hazırda makroiqtisadi sabitlik saxlanmaqdadır, inflyasiya aşağı səviyyədədir. Hesab edirəm ki, Azərbaycan bu uğuru davam etdirməli və iqtisadiyyatını bir qədər də inkişaf etdirməlidir».
M.Əhmədin sözlərinə görə, Azərbaycan hökuməti ilə həmçinin neftdən asılılığın azaldılması, insan kapitalı, biznes mühiti, maliyyə sektoru, iqtisadiyyatın inkişafının davamlı olması və s. aktual məsələlər müzakirə edilib.