«APA-Economics»in xəbər verdiyi kimi, bunu Azərbaycana səfərinin yekunları ilə bağlı Beynəlxalq Valyuta Fondunun missiyasının rəhbəri Raca Almarzoqi bəyan edib.
R.Almarzoqi həmçinin vurğulayıb ki, Azərbaycan üçün yaxın müddətdə iqtisadi perspektivlər əlverişlidir, lakin dünya bazarında neftin qiymətinin enməsi başlıca riskdir. R.Almarzoqinin sözlərinə görə, regiondakı bazarın təlatümü fonunda Azərbaycan tərəfindən ilk dəfə avrobond buraxması investorların ölkənin neft sərvətlərinin ehtiyatla idarə edildiyinə əmin olduqlarını nümayiş etdirir. Ölkənin qarşısında duran əsas çağırış onun neft gəlirlərindən asılılığının azaldılması, o cümlədən aparıcı qüvvəsi özəl sektor olan şaxələnmiş iqtisadi artıma təkan verməkdir.
«Bu ilin büdcəsində nəzərdə tutulan daha sərt büdcə-vergi siyasətini alqışlayırıq, bunun ardınca ortamüddətli dövr üçün büdcə konsolidasiya strategiyası həyata keçirilməlidir. Bu, özəl investorlar üçün maliyyə vəsaitinə yer açar və nəticədə, iqtisadiyyatı neftdən asılılıq olmadan şaxələndirməyə kömək edə bilər», - deyə o bildirib. Eyni zamanda R.Almarzoqi konkretləşdirib ki, BVF-nin əsas tövsiyələrindən biri Dövlət Neft Fondundan büdcəyə həyata keçirilən transferlərin tədricən azaldılmasıdır.
Bundan əlavə BVF rəsmisi bəyan edib ki, Mərkəzi Bankın pul siyasətini neytral mövqedə saxlamaq niyyəti, eləcə də istehlak kreditlərinin artım tempinin azaldılması istiqamətində təşəbbüsləri düzgündür. Lakin bu tədbirlərin təsiri yaxından izlənilməlidir. R.Almarzoqi bununla bağlı həmçinin belə fikir söyləyib ki, banklar tərəfindən istehlak kreditlərinin verilməsinə məhdudiyyətlər korporativ kreditləşmənin artmasına birbaşa səbəb olmasa da, banklar bu məhdudiyyətdən sonra digər kredit sahələri üzrə fəaliyyətlərini gücləndirməli olacaq. Əlavə olaraq bildirilib ki, maliyyə nəzarəti qaydalarının gücləndirilməsi istiqamətində AMB-nin gördüyü son tədbirlər maliyyə sabitliyini təmin etməyə kömək edəcək, lakin sistemin dözümlülüyünü artırmaq və faiz marjaları ilə bağlı rəqabətin gücləndirilməsi üçün əlavə tədbirlərə ehtiyac var.
Bundan başqa R.Almarzoqi bəyan edib ki, qanunun aliliyinin gücləndirilməsi və korrupsiya ilə mübarizə tədbirlərinin genişləndirilməsi istiqamətində addımlar, eləcə də seçilmiş müəssisələrin rəsmi imtiyazlarına son qoyan Rəqabət Məcəlləsinin qəbulu, özəl sektora əsaslanan rəqabətə davamlı qeyri-neft iqtisadiyyatını yaratmağa kömək edəcək.