«APA-Economics»in məlumatına görə, bunu ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib.
Onun sözlərinə görə, hələlik bankın özəlləşdirməsinə hazırlıq işləri birinci mərhələdədir və bu, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən analizi əhatə edir. Sonrakı mərhələlərdə auditin nəticələri təhlil ediləcək.
Bununla yanaşı, bankın rəhbəri bildirib ki, bu prosesdə tələskənliyə yol vermək olmaz: «Özəlləşdirməni özəlləşdirmə xətrinə etmək olmaz». C.Hacıyev qeyd edib ki, 2011-ci ilin nəticələrinə görə, ABB-nin göstəriciləri yüksək səviyyədə olub, 2012-ci ilin nəticələri də eyni səviyyədə gözlənilir. Göstəricilərin yüksək olması isə bankın və özəlləşdirməyə çıxarıla bilən dövlətə məxsus səhm zərfinin qiymətini artıracaq.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib. Bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i isə özəl hüquqi və fiziki şəxslərə məxsusdur. Hazırda ABB-nin nizamnamə kapitalı 340 mln. manat təşkil edir.