Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycandan tranzit keçməklə Əfqanıstandan Avropaya narkotiklərin daşınması barədə yayılan xəbərlərə münasibət bildirib.
DGK Mətbuat Xidmətindən “APA-Economics”ə daxil olan məlumatda deyilir ki, ötən gün bəzi kütləvi informasiya vasitələrində Moldova prokurorluq və sərhəd polisi rəsmilərinə istinadən Əfqanıstandan Avropaya narkotiklərin daşınması barədə məlumatlar yayımlanıb. Məlumatda narkotik vasitələrin daşındığı ehtimal edilən marşrutlar sadalanıb və bu marşrutlarda adları sadalanan ölkələr arasında Azərbaycanın da olduğu qeyd edilib.
"Ölkəmizin gömrük orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə aparır və Azərbaycandan tranzit keçməklə Türkiyədən Moldovaya yük aparan hər hansı nəqliyyat vasitəsi qeydə alınmayıb", - deyə məlumatda vurğulanıb.