Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları üzrə konfrans və sərgisində iştirak etmək məqsədilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində səfərdə olan Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev "Smiths Detection" şirkətinin nümayəndə heyətinin rəhbəri Tim Norton ilə görüş keçirib.
DGK Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə A.Əliyev gömrük nəzarətinin təşkili sahəsində son illərdə əldə olunan uğurlardan bəhs edərək Azərbaycanın bütün sərhəd-gömrük keçid məntəqələrində "Smiths Detection" şirkətinin istehsalı olan avadanlıqların quraşdırıldığını və gömrük nəzarəti zamanı uğurla tətbiq edildiyini bildirib.
Bundan başqa, görüşdə qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri, "Smiths Detection" şirkətinin ölkəmizdə tətbiq edilən avadanlıqlarına texniki xidmətin göstərilməsi və gömrük əməkdaşlarına təlimlərin keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.