Bu gün Tbilisi şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları üzrə konfransı və sərgisində iştirak edən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) Baş katibi Umberto de Pretto ilə görüşüb.
DGK Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı A. Əliyev U. Prettonu baş katib seçilməsi münasibətilə təbrik edib və Azərbaycanla İRU arasındakı uzunmüddətli əlaqələrdən bəhs edib.
U. Pretto elektron məlumat mübadiləsi məqsədilə tətbiq edilən e-TİR və e-SMR layihələrindən bəhs edib və bu layihələrin artıq İran və Türkiyədə uğurla reallaşdırıldığını vurğulayıb. O, adıçəkilən layihələr çərçivəsində Azərbaycanla əməkdaşlıq etməkdən məmnunluq duyacaqlarını bildirib.
e-TİR və e-SMR layihələrinə qoşulmaq barədə verilən təklifi müsbət dəyərləndirən DGK sədri prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı respublikamızda həyata keçirdiyi islahatlar və layihələr barədə ətraflı məlumat verib, ölkə başçısının reallaşdırdığı proqramlar çərçivəsində Azərbaycanın tranzit potensialının artırılması, ölkəmiz vasitəsilə tranzit daşımaların asan və maneəsiz həyata keçirilməsi istiqamətində mühüm addımlar atıldığını bildirib.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub və DGK sədri İRU baş katibini ölkəmizə rəsmi səfərə dəvət edib.