Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bir neçə gündən sonra Azərbaycan xalqı və bütün Türk dünyası Heydər Əliyevin 91 illiyini qeyd edəcək. Azərbaycan gömrükçüləri də bu günü silsilə tədbirlər keçirmək niyyətindədir.
“APA-Economics”in məlumata görə, bu gün Azərbaycan Dövlət Gömrük Komitəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən tədbirdə qurumun sədri Aydın Əliyev bildirib.
Onun sözlərinə görə, mayın 10-da Azərbaycan gömrükçüləri ulu öndərin doğum günündə Gömrük Akademiyasının məzunlarının andiçmə mərasimi baş tutacaq: “Bundan başqa, Heydər Əliyevin doğum gününün 91 illiyində onunla eyni bir dövrdə işləmiş və ulu öndərin yanında çalışmış insanlarla görüşlər təşkil olunacaq. Onunla bağlı xatirələr gömrük əməkdaşlarına danışılacaq”.
Sonra tədbirdə çıxış edən millət vəkili, akademik İsa Həbibbəyli Heydər Əliyevin keçdiyi həyat yolundan, onun siyasi fəaliyyətindən geniş söz açıb. “O, ömrünü tam olaraq Azərbaycan və azərbaycançılıq ideologiyasına həsr edib. Bu gün Heydər Əliyev fenomen bir şəxsiyyət kimi nəinki Azərbaycanda, bütün dünyada qəbul olunur və sevilir”.
H. Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu və banisi olduğunu deyən İ. Həbibbəyli xatırladıb ki, O, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və bütün dünyada daha da yaxından tanınması üçün misilsiz işlər görüb: “Dünyanın tanınmış siyasi liderləri olan Eduard Şevarnadze, Süleyman Dəmirəl, Bill Klinton, Vladimir Putin və digərlərinin Heydər Əliyev haqqında gözəl sözlər deyib, onunla bağlı deyimləri var. Dünyada elə bir siyasi lider olmayıb ki, Heydər Əliyevi bir çox hallarda örnək olaraq misal çəkməsin”.
Akademik bildirib ki, Heydər Əliyev ideya, ideal və Azərbaycançılıq ideologiyasını özündə ehtiva edib. O, onun xalqın istəyi ilə xalqın çətin günündə hakimiyyətə gətirildiyini, onun çətin vəziyyətdə Azərbaycanı dar gündən qurtarması haqqında geniş xatırladıb. O, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin ölkəmizin ən çətin anlarında hansı çətinliklərlə başa gəldiyindən danışıb və deyib ki, bu dünya miqyaslı layihələrin də həyata keçməsi məhz onun adı və əməyi nəticəsində başa gəlib.
İ. Həbibbəyli bu günkü Azərbaycan gömrük sisteminin yaranmasında da Heydər Əliyevin əvəzsiz əməyinin olduğunu xatırladıb.
Tədbirin sonunda komitə sədri A. Əliyev Heydər Əliyevin miras qoyduğu siyasəti layiqincə davam etdirəcəyini və Azərbaycan Dövlət Gömrük Komitəsi, gömrük sahəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib.
Sonda prezident İlham Əliyevin sərəncamı ilə gömrük sahəsində fərqlənən gömrük işçilərinə verilən diplom və fərmanlar öz sahiblərinə təqdim olunub.