Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev noyabrın 27-də saat 10:30-da Bərdə şəhərindəki akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseydə (M.Ə. Rəsulzadə küç. 61) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
DGK Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Bərdə, Ağdam, Tərtər, Goranboy rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar noyabrın 26-sı saat 10:30-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.