Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bu ilin 6 ayında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBXN) tərəfindən 187 fiziki və hüquqi şəxs baytarlıq-sanitariya qaydalarını pozmasına və digər qaydalara görə cəzalandırılıb.
Bunu “APA-Economics”ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.
Onun sözlərinə görə, bu ilin 6 ayında baş verən qayda pozuntularına görə həmin şəxslərə ümumilikdə 6907 manat məbləğində cərimə tətbiq olunub.
Y.Xanvəli əlavə edib ki, yay ayları ilə əlaqədar istirahət zonalarında, eləcə də Bakı və Mingəçevir şəhərlərində baytarlıq xidmətinin gücləndirilmiş iş rejimində fəaliyyətə keçməsi ilə əlaqədar və qeyri-qanuni yol kənarında kəsimlərə nəzarət edilməsi ilə bağlı əmr imzalanıb.
“İstər bu əmr, istərsə də digər qaydalara uyğun olaraq Dövlət Baytarlıq Nəzarəti Xidməti mütəmadi olaraq daim yoxlamalar aparır”, -deyə Y.Xanvəli vurğulayıb.