Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Dünya Bankının (DB) Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Leşenkonu qəbul edib.
«APA-Economics»in Nəqliyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, son illər Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, eləcə də iqtisadiyyatın prioritet sahələrindən olan nəqliyyat-yol kompleksində aparılan islahatlar barədə məlumat verən Z.Məmmədov, həmçinin DB ilə birgə həyata keçirilən layihələr haqqında danışıb.
Görüş zamanı Böyük İpək Yolu çərçivəsində, cənub istiqamətində, xüsusi ilə Bakı-Şamaxı istiqamətində aparılan işlər də müzakirə mövzusu olub. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə «Dəmir yolu ticarətinin və nəqliyyatının dəstəklənməsi Layihəsi»nin mövcud icra vəziyyəti haqqında geniş müzakirələr aparılıb. Hər iki tərəf gələcəkdə qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da davam edəcəyini bildirib.