Bakı. Musa Əhmədov - APA-Economics. Maliyyə audit və konsaltinq xidmətləri göstərən və maliyyə auditi sahəsində dünya üzrə “böyük dördlüyə” daxil olan “Ernst&Young” şirkətinin Azərbaycan ofisi tərəfindən “Azərkosmos” ASC-nin 2013-cü ilin maliyyə hesabatlarının auditi həyata keçirilib.
“Azərkosmos”dan “APA-Economics”ə verilən məlumata görə, auditin yekunu olaraq bildirilib ki, cəmiyyət hesabatlılıq prinsipinə əsasən fəaliyyət göstərir və maliyyə göstəricilərini şəffaf şəkildə maraqlı tərəflər qarşısında açıqlayır.
“Azərkosmos” ASC-nin maliyyə hesabatları Mühasibat Uçotunun Beynəlxalq Standartları Şurası (“MUBSŞ”) tərəfindən tərtib olunmuş Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (“MHBS”) əsasında hazırlanıb.
Bu, “Ernst&Young” şirkətinin Azərbaycan ofisi tərəfindən “Azərkosmos” ASC-də keçirilmiş ikinci audit yoxlamasıdır.
Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir.
Ötən ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” ASC tərəfindən idarə edilən “Azərspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.