Bank Of Baku

Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin ailələrinə ölkə tarixində ən iri sığorta ödənişi həyata keçirilib

Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin ailələrinə ölkə tarixində ən iri sığorta ödənişi həyata keçirilib
# 09 aprel 2013 15:23 (UTC +04:00)

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, ödəniş Əfqanıstanda qəzaya uğramış Azərbaycanın “Silkway” aviaşirkətinə məxsus “İL-76 4K-AZ 55” yük təyyarəsinin “Atəşgah Həyat” şirkətində sığortalanmış ekipaj üzvlərinin həlak olması hadisəsinə görə həyata keçirilib.

 

Bu hadisə üzrə faydalanan şəxslərə - mərhumun qohumlarına verilən sığorta ödənişinin məbləği 600 min manat təşkil edib.

 

Azərbaycan Respublikasının vətəndaşları olaraq onlar 2010-cu ilin dekabrından tətbiq olunan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanununa uyğun olaraq sığortalanıblar.

 

Qeyd edək ki, Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus “İL-76” təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib.
 

Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 5 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.


Yük qaldırma imkanı 40 ton olan “İl-76” təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısı həlak olub. Onlardan beşi Azərbaycan, dördü Özbəkistan vətəndaşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR