Bank Of Baku

Ekspert: "MPS-in hədəfi maliyyə direktorlarını hazırlamaqdır" - MÜSAHİBƏ

Ekspert: "MPS-in hədəfi maliyyə direktorlarını hazırlamaqdır" - <span style="color: red;">MÜSAHİBƏ
# 17 iyun 2015 07:15 (UTC +04:00)

Müstəqil ekspert və təlimçi Davud Məmmədov Azərbaycan dilində mühasiblər üçün ilk sertifikasiya proqramının önəmindən, təqdim etdiyi üstünlüklərdən və onu dünyada tətbiq olunan digər sertifikasiya proqramlarından fərqləndirən xüsusiyyətlərindən danışır

 

 

Son zamanlar Azərbaycan mühasiblərinin peşəkar lüğətinə yeni bir söz əlavə olunub – MPS. Bu terminin mənası nədir?

 

Bildiyiniz kimi, son zamanlar inkişaf etmiş ölkələrdə geniş yayılmış peşəkar sertifikasiya proqramları Azərbaycanda da geniş tətbiqini tapır. Bu tendensiya xüsusilə maliyyə sektorunda müşahidə olunur. Belə ki, mühasiblərimiz, auditorlarımız və maliyyə mütəxəssislərimiz Avropanın nüfuzlu ACCA və CİMA sertifikatlarının sahibləridir. Onlar yüksək vəzifələrdə öz karyeralarını davam etdirməklə Azərbaycanda sertifikatlaşmanın nə qədər önəmli və faydalı olduğunu birmənalı olaraq sübut ediblər.

 

Mühasiblərin Peşəkar Sertifikasiyası (MPS) - Azərbaycanda mühasiblər üçün yaradılmış ilk sertifikasiya proqramıdır. Bu sertifikatlaşma Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən təsis olunub və Maliyyə Nazirliyinin Maliyyə - Elm Tədris Mərkəzinin (METM) dəstəyi ilə aparılacaqdır.

 

Sertifikasiya proqramı mühasibatlıq, maliyyə və idarəetmə sahələrində karyera qurmaq istəyənlər üçün nəzərdə tutulmuşdur. MPS-in tədris proqramı dünyada tanınmış ACCA sertifikatının əsasında tərtib olunub və onun Azərbaycan analoqu sayıla bilər. Proqram 10 imtahandan ibarət olaraq 3 səviyyəyə bölünmüşdür: Fundamental, Təkmil və Peşəkar səviyyə.

 

Fundamental səviyyə - iqtisadiyyatın əsasları, maliyyə uçotu, idarəetmə uçotu və idarəetmə informasiya sistemləri mövzularında imtahanları əhatə edir. Təkmil səviyyə - biznes hüququ və vergilər, maliyyə hesabatlarının hazırlanması və ən nəhayət audit və əminlik mövzularında imtahan verilməsini nəzərdə tutur. Sonuncu – peşəkar səviyyədə isə korporativ idarəetmə, etika və risklərin idarə olunması, korporativ hesabatlılıq və maliyyə menecmenti mövzularında imtahan veriləcək.

 

Tələbələr yalnız 1-ci səviyyənin imtahanlarını uğurla verəndən sonra 2-ci səviyyənin imtahanlarına buraxılırlar. 1-ci və 2-ci səviyyəni bitirmiş tələbələr isə 3-cü səviyyənin imtahanlarına buraxılır. 10 il ərzində proqramı bitirə bilməyən tələbələrin imtahan nəticələri ləğv olunur və onlar sertifikasiya imtahanlarını yenidən verməli olacaqlar.

 

 

MPS-in xaricdə tətbiq olunan oxşar sertifikatlardan əsas fərqi nədir?

 

Əvvəl qeyd olunduğu kimi MPS əsasən ACCA proqramının standartlarına uyğun hazırlanmışdır. Bildiyiniz kimi ACCA və ya CİMA sertifikasiya proqramları üzrə imtahanlar yalnız ingilis dilində olur. Yəni mühasibatlığı və maliyyəni bilməkdən əlavə yerli mütəxəssislər öz peşakarlıq səviyyələrini yüksəltmək üçün ingilis dilini də kifayət qədər yaxşı səviyyədə bilməli idilər. Bu isə öz növbəsində Azərbaycanda işləyən minlərlə mühasib üçün çox ciddi bir əngələ çevrilmişdir.

 

MPS-in sayəsində bu problem artıq öz həllini tapıb. MPS-in ən önəmli fərqlərindən biri təbii ki, imtahanların Azərbaycan dilində keçirilməsidir. Həmçinin tədris proqramına uyğun dərsliklərin və təlimlərin Azərbaycan dilində olması da tələbələrin işini xeyli asanlaşdırır.

 

Sertifikasiya proqramının daha bir üstünlüyü münasib qiymətindədir. MPS üzrə qeydiyyat, dərslik materialları, imtahan haqları və təlimlər xarici sertifikatlaşma ilə müqayisədə daha aşağı qiymətlərlə təklif olunacaq.

 

Digər mühüm üstünlük Vergi və Hüquq üzrə fənnin sırf Azərbaycan qanunvericiliyi əsasında olmasıdır. Bu fənn ACCA və digər xarici sertifikatlarda ən yaxşı halda Rusiya və ya Britaniya qanunvericiliyi əsasında olurdu. Beləliklə də, bu fənn yerli peşəkarlar üçün öz aktuallığını itirirdi.

 

MPS beynəlxalq ACCA sertifikatı əsasında tərtib olunsa da, onun Azərbaycan dilində olması və Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılması onu milliləşdırir, münasib qiymətləri isə sertifikatlaşmanı yerli mütəxəssislər üçün əlçatan edir.

 

MPS sertifikasiya proqramına yiyələnənlər hansı üstünlüklər əldə edirlər?

 

MPS-ın əsas hədəfi şirkət üçün mühasibatlıq və maliyyə sahələrini bütövlükdə idarə edə biləcək bir peşəkar yetiştidirməkdir. Başqa sözlə hədəfimiz maliyyə direktoru vəzifəsini icra edə biləcək kadrlar hazırlamaqdır. Təəssüflər olsun ki, ölkəmizdə bu gün də bir çox biznes və sahibkarlıq subyektləri, hətta iri şirkətlər də bu vəzifəni baş mühasib vəzifəsi kimi qəbul edirlər. Yəni onun vəzifəsi ilkin uçotun aparılması və lazımi dövlət orqanlarına hesabatların verilməsi ilə məhdudlaşır. Bu yanaşma müəyyən dərəcədə Sovet dövründən bizə qalan bir mirasdır. Çünki o dövrdə bazar iqtisadiyyatı və özəl investisiyalar mövcüd deyildi, bütün maliyyələşmə dövlət tərəfindən aparılırdı. Bu reallıqda maliyyə direktorunun işi yalnız uçot aparmaq və hesabatları təqdim etməkdən ibarət idi.

 

Amma müasir dövrdə hər bir şirkət öz maliyyəçilərindən daha çox fayda gözləyir. Bu gün maliyyə direktoru uçot və hesabatlılıqdan başqa mütləq şəkildə şirkətin rəhbərlərindən biri olmalıdır. Çünki o maliyyə vəsaitinin gündəlik hərəkətini tənzimləyir, investisiya qoyuluşuna dair rəy bildirir, banklarla əlaqəyə girib maliyyələşməni təmin edir, daxili nəzarət sistemini qurmaqla xərclərə qənaət edir.

 

MPS bütün bu funksiyaların yerinə yetirilməsi və effektiv maliyyə meneceri olmaq üçün lazımi bilikləri mütəxəssisə ötürür. Ona görə MPS sertifikatının sahibi müəyyən bir təcrübəyə malik olduğu halda artıq orta və hətta böyük şirkətlərdə maliyyə rəhbəri vəzifəsində sərbəst işləyə bilər.

 

İmtahan mövzularının diapazonu kifayət qədər genişdir: iqtisadiyyatın əsasları, maliyyə menecmenti, risklərin idarə olunması və s. Yəni doğrudanda bir sertifikasiya proqramı çərçivəsində bu cür geniş və fundamental sahələrdə ən azından ilkin biliklərə yiyələnmək mümkündür?

 

Mövzuların diapazonu həqiqətən də çox genişdir. Bununla yanaşı olaraq imtahan mövzuları hərtərəfli əhatə olunub. Yuxarıda sadalanan hər fənn üzrə ortalama 500-600 səhifəlik bir dərslik tərtib edilib. Bu həcmdə materialların mənimsənilməsi üçün hər kitab üzrə ən azı 50-70 saat nəzərdə tutulub.

 

Ümumiyyətlə vaxt baxımından bütün imtahanlardan uğurla keçmək orta biliyə sahib olan tələbədən təqribən 3 ilə qədər vaxt tələb edir. Məhz buna görə də bu sertifikasiya proqramının dəyəri çox yüksək tutulur. MPS-i qətiyyən bir-iki aylıq kursla müqayisə etmək olmaz.

 

Fənlərə gəldikdə isə, onlar gördüyünüz kimi bir maliyyə direktorunun idarə edəcəyi bütün sahələri əhatə edir: iqtisadiyyatın əsasları- iqtisadi nəzəriyyənin əsasları, mühasibin rolu;

maliyyə uçotu - mühasibatlığın konseptual əsasları, prinsipləri və qaydaları uçotda ikili giriş sisteminin istifadə olunması və elementar maliyyə hesabatlarının hazırlanması; idarəetmə uçotu -idarəetmə qərarlarının qəbul edilməsində istifadə olunacaq maya dəyəri məlumatlarının hazırlanması, işlənilməsi və təhlili; idarəetmə informasiya sistemləri -informasiya sistemlərinin seçilməsi, tətbiqi, dəyərləndirilməsi; biznes hüququ və vergilər - hüquq sistemi və biznesə aid olan xüsusi qanunvericilik. Vergi qanunvericiliyi, fiziki və hüquqi şəxslərə və həmçinin fərdi sahibkarlara tətbiq olunan vergilər; maliyyə hesabatlarının hazırlanması - şirkətlərin və şirkətlər qruplarının maliyyə hesabatlarının hazırlanmasında istifadə olunan beynəlxalq standartlar. Maliyyə hesabatlarının təhlili; audit və əminlik - audit yoxlamalarının aparılması və müvafiq audit standartlarının tətbiq olunması; korporativ idarəetmə, etika və risklərin idarəolunması - korporativ idarəetmədə, daxili nəzarət sistemində, qanunvericiliklə bağlı məsələlərdə və risklərin idarəedilməsində mühasibin rolu; korporativ hesabatlılıq - maliyyə hesabatları standartlarının qiymətləndirilməsi və mürəkkəb vəziyyətlərdə tətbiq olunması; maliyyə menecmenti -investisiyaların qiymətləndirilməsi, maliyyələşdirmə prosesi, dövriyyə kapitalının idarə olunması, dividendlərin ödənilməsi və maliyyə menecmentinin digər aspektlərini əhatə edir.

 

Hazırlıq təlimləri hansı metodologiya əsasında qurulur?

 

Təlimlərin metodologiyası əsasən praktik məşğələlər üzərində qurulmuşdur. Dərsliklər isə təlimsiz hazırlaşmaq üçün nəzərdə tutulub. Yəni onlar müfəssəl yazılıb ki, tələbə təlimə ehtiyac duymadan yalnız dərslikdən istifadə etməklə bütün materialları mənimsəsin.

 

Bu səbəbdən təlimlərdə əsas diqqət nəzəri hissənin öyrənilməsi ilə bərabər imtahanlarda düşə biləcək məsələlərin həll olunmasına yönəlib. Burada təkcə nəzəriyyəni bilmək kifayət etmir. İmtahan tələbədən nəzəriyyəni praktikada misalların üzərində tətbiq etməyi tələb edir. Imtahan zamanı önəmli amillərdən biri də vaxtın düzgün idarə olunmasıdır ki, buna da təlimlər zamanı xüsusi diqqət veriləcək.

 

Ortalama təlim 2.5 – 3 ay ərzində davam etməklə cəmi 50-60 saatlıq proqram üzərində qurulacaq. Bundan başqa tələbələr imtahandan öncə, müstəqil şəkildə də intensiv məşğul olmalıdırlar. Yəni imtahanı vermək üçün ən optimal formula belədir: 3 ay ərzində təlimlərdə iştirak və dərsliyin oxunması (həftədə maksimum 8-10 saat sərf etməklə)  üstəgəl imtahana 1 həftə qalmış intensiv şəkildə (gündə 5-6 saat sərf etməklə) bütün kursun təkrarı və məsələlərin həll olunması.

 

Məsələyə daha geniş baxsaq, MPS sertifikasiya proqramı Azərbaycan maliyyə sisteminin inkişafına hansı töhfəsini verə bilər?

 

Yuxarıda qeyd etdiyim kimi, əsas töhfə yerli şirkətlərdə maliyyə direktorunun yeni obrazını yaratmaqdır. MPS maliyyə direktorunun ənənəvi baş mühasib rolundan çıxıb, təşkilatın fəaliyyətində daha önəmli rol oynamasını nəzərdə tutur. Bu dəyişiklik də təbii ki, mühasiblərin bilik və bacarıqları ilə birbaşa bağlıdır. Onlar öz bilik və bacarıqlarını göstərməlidirlər ki, şirkət sahibləri də bunu görüb dəyərləndirsinlər. Bu baxımdan MPS müasir bazar iqtisadiyyatında həlledici rol oynayır.

 

Digər tərəfdən MPS yerli sertifikat olduğu üçün öz sıralarına daha çox mühasib toplamalıdır. Hal-hazırda Azərbaycanda ACCA və CİMA sertifikatlarına təqribən 100 mütəxəssis malikdir və onların əksəriyyəti böyük xarici şirkətlərdə çalışır. Azərbaycanda isə hal-hazırda ən azı 10 minə yaxın orta və böyük şirkətlər fəaliyyət göstərir. Yəni birmənalı demək olar ki, bugünkü gündə Azərbaycan bazarında peşəkar mühasiblərə olan tələb faktiki olaraq ödənilmir.

 

MPS daha geniş auditoriya ilə dialoq qurmaqla dərin bilik və zəngin təcrübəni Azərbaycanın orta və kiçik sahibkarlığına gətirə bilər. Bu milli sahibkarlığa güclü təkan olmaqla yanaşı yerli şirkətlərin rəqabət qabiliyyətinin artmasına şərait yaradacaq.

 

Əgər nəzərə alsaq ki, ACCA qlobal səviyyəli sertifikatdır, Azərbaycanda alınmış sertifikat digər ölkələrdə də keçərli olacaqmı?

 

Əlbəttə. Sertifikatın yaxın gələcəkdə beynəlxalq qurumlar tərəfindən tanınması üçün hər bir şərait var. Amma təbii ki, əsas məqsəd sertifikasiyanı ilk növbədə Azərbaycan daxilində tanıtmaqdır.

 

 

Müəllif:

 

Əziz Xəlilov - Prima Consalting LLC, mütəxəssis

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR