Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2015-ci ildə Azərbaycan Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 112 mln. manat daxilolma proqnozlaşdırılır ki, bunun da 4 812 mln. manatı və ya 67,7%-i qeyri-neft sektorunun, 2,3 mlrd. manatı və ya 32,3%-i isə neft sektorunun payına düşür.
“APA-Economics”in xəbərinə görə, bu barədə məlumat Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilən 2015-ci ilin dövlət və icmal büdcələrinin layihələrində əks olunub.
Vergilər Nazirliyinin xətti ilə daxilolmaların proqnozu 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə 448 mln. manat və ya 6,7%, bu ilin proqnozu ilə müqayisədə isə 10,0 mln. manat və ya 0,1% çoxdur. Qeyri-neft sektoru üzrə isə artım 2013-cü il üzrə faktiki icra göstəricisi ilə müqayisədə 1048,1 mln. manat və ya 27,8%, cari ilin proqnozu ilə müqayisədə 512,0 mln. manat və ya 11,9% çoxdur.
Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolma Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə təmin edilən gəlirlərin 13,8%-ni təşkil etməklə, 982,0 mln. manat proqnozlaşdırılır ki, bu da 2013-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə 122,3 mln. manat və ya 14,2%, 2014-cü ilin proqnozu ilə müqayisədə 100,0 mln. manat və ya 11,3% çoxdur. Proqnozun müəyyən edilməsində (makroiqtisadi proqnozlara əsasən) növbəti ildə orta aylıq əmək haqqının 7,2% gözlənilən artımı, ölkə ərazisində müxtəlif sahələrdə yeni iş yerlərinin açılmasının, habelə uçotda olmayan işləyənlərin leqallaşdırılması sahəsində görülən tədbirlər əsas götürülüb.
Hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolma Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə təmin edilən gəlirlərin 31,1%-ni təşkil etməklə, 2211,0 mln. manat proqnozlaşdırılır ki, bunun da 800,0 mln. manatını neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisinin məbləği təşkil edir.
Hüquqi şəxslərin mənfəət vergisi 2014-cü ilin proqnozu ilə müqayisədə 6,0 mln. manat və ya 0,3% az proqnozlaşdırılır. Qeyri-neft sektoru üzrə hüquqi şəxslərin mənfəət vergisi 1061,0 mln. manat proqnozlaşdırılır ki, bu da 2013-cü ilin faktiki göstəricisi ilə müqayisədə 239,7 mln. manat və ya 29,2%, 2014-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən isə 111,0 mln. manat və ya 11,7% çoxdur. Proqnozun hesablanması zamanı qeyri-neft ÜDM-un və qeyri-neft sahəsində istehsalın artımı nəzərə alınıb.
Əlavə dəyər vergisi üzrə 3456,0 mln. manat daxilolma nəzərdə tutulub ki, bunun 2352,0 mln. manatı və ya 68,1 faizi vergi, 1104,0 mln. manatı və ya 31,9% isə gömrük orqanlarının payına düşür. Vergilər Nazirliyi tərəfindən toplanılan əlavə dəyər vergisi 2013-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə 628,1 mln. manat və ya 36,4%, 2014-cü ilin proqnozu ilə müqayisədə 213,0 mln. manat və ya 10,0%, gömrük orqanlarının xətti ilə toplanılan əlavə dəyər vergisi isə 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə 117,9 mln. manat və ya 12,0%, 2014-cü ilin proqnozu ilə müqayisədə 34,0 mln. manat və ya 3,2% çoxdur. Əlavə dəyər vergisi üzrə daxilolmaların büdcə gəlirlərində xüsusi çəkisi (Azərbaycan Dövlət Neft Fondundan transfertlər istisna olmaqla) 38,2%, ÜDM-də xüsusi çəkisi isə 5,8% təşkil edir.
Aksizlər 2015-ci il dövlət büdcəsi gəlirlərinin (Azərbaycan Dövlət Neft Fondundan transfertlər istisna olmaqla) 7,6%-ni təşkil etməklə, 684,0 mln. manat proqnozlaşdırılır ki, bunun da 564,0 mln. manatının və ya 82,5%-nin Vergilər Nazirliyi, 120,0 mln. manatının və ya 17,5%-nin isə Dövlət Gömrük Komitəsi vasitəsilə təmin olunacağı gözlənilir.
Vergilər Nazirliyi üzrə proqnozlaşdırılan aksiz vergisi 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə 52,0 mln. manat və ya 10,2% çoxdur. Növbəti il üçün neft məhsullarına tətbiq edilən aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi proqnozun aşağı düşməsinə səbəb olub.
Gömrük orqanları üzrə proqnozlaşdırılan aksiz vergisi 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə 38,7 mln. manat və ya 47,5%, 2014-cü ilin proqnozu ilə müqayisədə isə 30,0 mln. manat və ya 33,3% çoxdur. Növbəti il üçün mədən vergisi üzrə 116,0 mln. manat daxilolma nəzərdə tutulub.
Hüquqi şəxslərin əmlak vergisi üzrə 148,0 mln. manat daxilolma proqnozlaşdırılır ki, bu da 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə 22,9 mln. manat və ya 18,3%, 2014-cü ilin proqnozu ilə müqayisədə isə 16,0 mln. manat və ya 12,1% çoxdur.
Növbəti il üçün hüquqi şəxslərin torpaq vergisi üzrə 48,0 mln. manat daxilolma proqnozlaşdırılır ki, bu da 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə 14,9 mln. manat və ya 45,0% çox olmaqla, 2014-cü ilin proqnozu ilə eyni səviyyədədir.
Yol vergisi üzrə 2014-cü il üzrə vergi orqanlarının xətti ilə 50,0 mln. manat, gömrük orqanlarının xətti ilə isə 17,6 mln. manat olmaqla, ümumilikdə 67,6 mln. manat vəsaitin daxil olacağı nəzərdə tutulub. Sadələşdirilmiş vergi üzrə 145,0 mln. manat daxilolma proqnozlaşdırılır ki, bu da 2013-cü ilin faktiki göstəriciləri ilə müqayisədə 25,5 mln. manat və ya 21,3%, bu ilin təsdiq olunmuş proqnozuna nisbətdə isə 15,0 mln. manat və ya 11,5% çoxdur.
Vergilər Nazirliyinin xətti ilə toplanılan sair vergi daxilolmaları üzrə növbəti ildə 180,0 mln. manat vəsaitin daxil olması proqnozlaşdırılır ki, bu da cari ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 20,0 mln. manat və ya 12,5% çoxdur.
Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar 6,0 mln. manat proqnozlaşdırılır ki, bu da 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə 3,8% və ya 0,2 mln. manat az olmaqla, bu ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 25,0% və ya 2,0 mln. manat çoxdur.