Bakı. Əli Əhmədov – APA-Economics. Gələn il Azərbaycanda dövlət büdcəsinə Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiyanın məbləği bu illə müqayisədə 7,6% artırılacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov 2013-cü ilin dövlət büdcəsinin layihəsi ilə bağlı parlamentin bugünkü plenar iclasında aparılan müzakirələrdə bildirib.
Onun sözlərinə görə, Naxçıvan MR-na daim diqqət göstərilib və bu işlər davam etdirilir. Bunun nəticəsində Naxçıvan MR-nın öz büdcəsinin gəlirləri artırır və nəticədə onların mərkəzdən asılılığı azalmağa başlayıb.
«Gələn il Naxçıvan MR-nın büdcəsinin xərcləri 332,7 mln. manat olmaqla, 2012-ci illə müqayisədə 27,3 mln. manat və ya 8,9% artıb. Yəni, azalmadan söhbət gedə bilməz. Faktiki olaraq 2013-cü ilin büdcəsində Naxçıvan MR-nın öz gəlirləri 2012-ci ilə nisbətən 7,9 mln. manat və ya 16,3% artıb», - deyə S.Şərifov bildirib.
Gələn ilin dövlət büdcəsində Naxçıvan MR-nın büdcəsinin tənzimlənməsi üçün ayrılan dotasiyanın məbləği isə 277,7 mln. manat həcmində nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 19,6 mln. manat və ya 7,6% artıqdır.