Bakı. Musa Əhmədov – APA-Economics. Hesab.az “Xalq Bank” müştərilərinə yeni və sərfəli imkan yaradıb.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Xalq Bank”a məxsus kartların sahibləri avqust ayının 1-dən etibarən Hesab.az onlayn ödəmə portalında qeydiyyatdan keçib, kommunal, rabitə, kabel televiziya, mobil operator, internet provayder, əyləncə və Naxçıvan xərcləri xidmətlərinin haqqını ödəyərək ikiqat bonus qazanacaqlar. Lakin, kredit və sığorta ödənişləri, kinoteatr biletləri ikiqat bonus kampaniyasına daxil deyil.
“Xalq Bank”ın Hesab.az portalında qeydiyyatdan keçmiş müştəriləri bankın plastik kartları ilə həyata keçirdikləri ödəmə əməliyyatları üzrə hər 1 manata görə 200 bonus əldə edəcək. Nəticədə “Xalq Bank”ın müştərilərinin Hesab.az portalında təşkil edilən çoxsaylı aksiya və kampaniyalarda müxtəlif hədiyyə qazanmaq şansı iki dəfə artacaq.
Qeyd edək ki, kampaniya avqust ayının sonuna kimi davam edəcək.
Xatırladaq ki, 180 min istifadəçisi olan Hesab.az, GoldenPay şirkətinə məxsus 70-dən çox təşkilata bank kartları vasitəsi ilə ödənişləri təqdim edən bir portaldır. Burada mobil və stasionar telefon operatorlarına, internet provayderlərə, televiziya, kommunal təşkilatlara, lizinq və banklara kreditlərinin ödənişini etmək mümkündür.
Hesab.az portalında həm də onlayn sığorta xidmətləri və kinoteatrlara bilet belə almaq mümkündür. İstifadəçilərə “Şəxsi kabinet” yaratmaq, ödənişlərin tarixçəsini aparmaq və bonuslar qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak etmək imkanı təqdim edilir. Hesab.az portalı beynəlxalq elektron təhlükəsizlik standartlarına cavab verən müasir texniki infrastruktura malikdir. Hər ay 10 mln. manatdan çox və 100 minlərlə əməliyyat bu portal vasitəsi ilə həyata keçirilir. Həmçinin, portalın iOS, Android və Windows platformalarında tətbiqləri də mövcuddur.