Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Hesablama Palatasının son kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondundan Biləsuvar rayon İcra Hakimiyyətinə, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Təhsil Nazirliyinin tabeliyində olan Heydər Əliyev adına liseyə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair auditlərin nəticələri üzrə rəy və hesabatlar müzakirə olunaraq təsdiq olunub, nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınıb.
Palatadan «APA-Economics»ə verilən məlumata görə, kollegiya iclasında, həmçinin, Tərtər və Oğuz rayonlarının yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan istifadə vəziyyəti üzrə, habelə Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin gəlir və xərclərinin icrasına dair audit proqramları da təsdiq edilib.