Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvar-avqust aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 26,2%-i və yaxud 82 mln. manatı həyat sığortasının payına düşüb.
“APA-Economics”in məlumatına görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov deyib ki, 2014-cü ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 17,4% böyüyüb.
Həyat sığortasındakı yığımların 56,8%-i və ya 46,5 mln. manatı həyatın yaşam sığortasının, 31,2%-i və ya 25,6 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 10,4%-i və ya 8,5 mln. manatı həyatın ölüm halından sığortasının, 1,1%-i və ya 942 min manatı əmək qabiliyyətinin sığortasının, cəmi 0,5%-i və ya 436 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.
8 ay ərzində həyat sığortası üzrə həyata keçirilmiş ödənişlərin məbləği isə 32,8 mln. manat təşkil edib. Bu isə ümumi ödənişlərin 28,2%-ni təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 60,5% çoxdur.
Həyat sığortası üzrə ödənişlərin 90,4%-i və ya 29,6 mln. manatı həyatın yaşam sığortasının, 4,8%-i və ya 1,6 mln. manatı həyatın ölüm halından sığortasının, yenə də 4,8%-i və ya 1,6 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, cəmi 13,7 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.
Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 40 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu rəqəm 29,3 manat olub.