Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) “TuranBank” ASC-ə Azərbaycanın mikro, kiçik və orta müəssisələrinə (MKOM) kreditləşdirməni artırmağa və bununla həmin sahibkarlara inkişaf etməyə, yeni iş yerlərini yaratmağa və ölkənin iqtisadi inkişafına töhfə verməyə kömək edir.
Beynəlxalq Maliyyə Korporasiyasından “APA-Economics”ə verilən məlumata görə, IFC “TuranBank”a 7 mln. ABŞ dolları dəyərində kredit ayırır. Həmin kredit bankın uzun müddətli maliyyələşdirmə imkanlarını artıracaq və bankın MKOM portfelinin həcminin artmasına kömək edəcək. Maliyyə vəsaitinə çıxış Azərbaycanın kiçik müəssisələri üçün ən ciddi çağırışlardan biridir. IFC-nin krediti bankın xüsusilə də kənd ərazilərində kredit resurslarına çıxış imkanları az olan müəssisələrin və aşağı gəlirli sahibkarların əhatə olunması yolu ilə məsələnin həllini dəstəkləyəcək.