Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2016-cı ildə Azərbaycanın dövlət borcunun ÜDM-dəki payı 39,6% təşkil edəcək. "APA-Economics" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund, IMF) "Qafqaz və Mərkəzi Asiya" ilə bağlı açıqladığı növbəti proqnozda deyilir.
Proqnoza əsasən, 2017-ci ildə bu rəqəm 36,1% təşkil edəcək.
"Azərbaycanda 2016-cı ildə dövlət büdcəsinin gəlirləri ÜDM-in 34,6%, gələn il isə 37,2%-ni təşkil edəcək. Bu il büdcə xərcləri və kreditlərin ÜDM-də xüsusi çəkisi 44,9%, 2017-ci ildə isə 41,5% olacaq”, - deyə hesabatda qeyd olunub.
Qeyri-neft sektorunun gəlirlərinin isə bu illə müqayisədə gələn il artacağı proqnozlaşdırılır. Belə ki, hesabata əsasən bu rəqəm 2016-cı ildə ÜDM-in 23,5%, 2017-ci ildə isə 24% səviyyəsində olacaq. “Azərbaycanın xarici dövlət borcunun bu il üçün ÜDM-in 26,5%, 2017-ci il üçün isə 23%-ni təşkil edəcəyi proqnozlaşdırılır”, - deyə hesabatda bildirilir.