Bakı. Aynur. Əliyeva – APA-Economics. Rusiyanın İnquşetiya Respublikası Azərbaycanda turizm klasteri və kənd təsərrüfatı layihələrinin təqdimatını keçirməyi planlaşdırır. «APA-Economics»in İnquşetiya hökumətinin rəsmi veb-saytına istinadən verdiyi məlumata görə, bu barədə İnquşetiya hökumətinin sədr müavini, iqtisadi inkişaf naziri Pavel Puşin Bakıya səfəri öncəsi məlumat verib: «Sənaye sahəsində də real investisiya layihələri var. İnquşetiyanın heç vaxt olmadığı kimi möhkəm investisiya portfeli mövcuddur».
İnquşetiyanın hökumət başçısı Musa Çiliyevin sözlərinə görə, Azərbaycana səfərin əsas məqsədi hökumətlərarası əlaqələrin inkişafı, sosial-iqtisadi siyasətin bütün istiqamətləri üzrə daimi dialoqun dəstəklənməsi və uzunmüddətli tərəfdaş əlaqələrin yaradılmasından ibarətdir: «Bakı səfərimizdə həmkarlarımızla danışıqlar zamanı iki ölkənin sosial-iqtisadi, sənaye, kənd təsərrüfatı və mədəniyyət sahəsində əməkdaşlığına dair yeni razılaşmaların imzalanması nəzərdə tutulub».
Qeyd edək ki, Bakıya səfəri çərçivəsində M.Çiliyevin rəhbərlik edəcəyi İnquşetiya nümayəndə heyəti Azərbaycanın dövlət başçısı, hökumət rəsmiləri və biznes təmsilçiləri ilə görüşlər keçirəcəyi gözlənilir.