"Bank Melli İranın Baku" (İran Milli Bankının Bakı filialı) məcmu kapitalını 61 mln. manatadək artırıb.
"APA-Economics" xəbər verir ki, bu barədə məlumat bankın 2016-cı il üzrə audit hesabatında öz əksini tapıb.
Hesabatda qeyd olunub ki, 31 mart 2017-ci il tarixinə məcmu kapitalı 61 mln. 188 min 399 manat təşkil edib: "Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bankların nizamnamə kapitalının minimal olaraq 50 mln. manat məbləğində saxlanılması haqqında qərar qəbul edib. Məcmu kapitalın minimal məbləği üzrə olan tələb 1 yanvar 2015-ci il tarixindən başlayaraq qüvvəyə minib. 31 dekabr 2016-cı il tarixinə "Bank Melli İran Baku"nun məcmu kapital göstəricisi bir sıra Azərbaycanın kommersiya banklarında yerləşdirilmiş aktivlər üzrə 100% ehtiyat yaradılması nəticəsində kəskin şəkildə azalıb və məcmu kapital göstəricisi 21 mln. 906 min 594 manat olub. Bu isə Azərbaycan Mərkəzi Bankının təyin etdiyi 50 mln. manat normativin ciddi şəkildə pozulmasına gətirib çıxardırdı. Hesabat tarixindən sonra bank məcmu kapitalını artırıb və 31 mart 2017-ci il tarixinə məcmu kapitalı 61 mln. 188 min 399 manat təşkil edib ki, bu da Mərkəzi Bankın normativlərinə uyğundur".