Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, İrandan Azərbaycana piyada gələn Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarəti zamanı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, yoxlama nəticəsində vətəndaşın əl çantasında 46 həb metadon, daxili orqanında (düz bağırsağında) isə iki ədəd bükümdə, xalis çəkisi 4,967 qram olan metamfetamin aşkar edilib.
Xatırladaq ki, metadon adlı həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və aşkar olunan 46 həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,92 qram təşkil edir.
Metamfetamin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.