Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirilən narkotik vasitələrinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı Aqşin Ağayevin üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 2 ədəd bükümdə, ümumi xalis çəkisi 49,996 qram olan narkotik vasitə - heroin aşkar olunub.
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda isə İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı İlkin Mahmudovun üzərində şəxsi yoxlama zamanı onun ayağındakı corabların hər birinin içərisində cəmi 4 ədəd büküm olmaqla, ümumi xalis çəkisi 7,79 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilib.
Hər iki faktla bağlı təhqiqat aparılır.