Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakıda kiçik və orta sahibkarlar üçün maliyyə savadlığının artırılmasına dair seminar keçirilib. «APA-Economics»in məlumatına görə, seminarın əsas mövzusu Azərbaycanda Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin fəaliyyəti və ümumilikdə kreditin qaytarılma məsələləri ilə bağlı olub.
Seminarda IFC-nin təqdimatı keçirilib və bildirib ki, bu təşkilatın Azərbaycanda əsas məqsədi kiçik və orta sahibkarlığa dəstək verməkdir. Bəyan edilib ki, bu günə kimi IFC Azərbaycanda 637 mln. dollar həcmində 62 layihə həyata keçirib. Həmçinin, IFC Kredit Reyestri Xidmətinin fəaliyyətini dəstəkləyərək, kredit büroları və daşınar əmlakın reyestri xidmətinin yaradılması layihələrində iştirak edir və bu qurumların yaradılmasını sahibkarlığa dəstək kimi qiymətləndirir.
Əsas təqdimatı keçirən MKR-in rəhbəri Elçin Həbibov Xidmətin fəaliyyəti barədə geniş məlumat verib, banklar və bank olmayan kredit təşkilatlarının Xidmətə məlumatların təqdim etməsi prosesi və eyni zamanda banklar və BOKT-lar tərəfindən müvafiq sorğularına cavab olaraq Xidmətdən məlumatların alınması barədə danışıb. E.Həbibov qeyd edib ki, hazırda bütün banklar və 28 BOKT-dan 25-i artıq Reyestrə qoşulub. Bu ilin 9 ayı ərzində Reyestrdə 652 949, o cümlədən banklar və BOKT-lar tərəfindən 651 607 sorğu cavablandırılıb. Dövrün sonuna MKR-də haqqında məlumat toplanan borcalanların sayı 1 409 641, kredit məlumatlarının sayı isə 3 810 401 olub. E.Həbibov bildirib ki, hazırda aktual yeniliklərdən biri yaxın zamanlarda hər borcalanın son 24 ay ərzində apardığı ödənişlər üzrə hər bir gecikmənin qeyd olunması və müvafiq sorğuya cavabda bunların göstərilməsi ilə bağlı olacaq. E.Həbibov Reyestrin məlumatlarından banklar tərəfindən artıq çox fəal istifadə edildiyini deyərək, ümumilikdə sahibkar-bank münasibətlərində bu prosesin əhəmiyyətli olduğunu vurğulayıb. Eyni zamanda seminarda aparılan sual-cavab sessiyasında bu sahədə müəyyən problemlər aşkarlanıb. O cümlədən, seminarda iştirak edən bank nümayəndələri və sahibkarlar Reyestrdə olan məlumatların yalnız ayda bir dəfə yenilənməsi nəticəsində məlumatların gecikmiş olması, borcalanların hansı yolla krediti bağlamasının qeyd olunmaması, kreditin tam ödənilməsindən sonra gecikmələrin silinməsi, hətta səhv məlumatlar, kredit məlumatlarının tam başqa şəxsin adında olması və s. problemləri bildiriblər.