Bank Of Baku

İTM: Azərbaycanda illik inflyasiya 9%-ə çatıb

İTM: Azərbaycanda illik inflyasiya 9%-ə çatıb
# 12 noyabr 2012 12:28 (UTC +04:00)

 

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) ölkənin 10 regionunda 2012-ci ilin oktyabr ayında qiymətlər üzrə apardığı statistik müşahidənin nəticələrini açıqlayıb.

 

İTM-dən «APA-Economics»ə verilən məlumata görə, aparılmış statistik müşahidənin nəticələrinə görə, oktyabrda Azərbaycanda 1,96% inflyasiya qeydə alınıb: «Müşahidələr göstərib ki, ötən ay ölkənin istehlak bazarında bütün mal və xidmət qrupları üzrə artım baş verib. Belə ki, ay ərzində ərzaq məhsulları 2,46%, qeyri-ərzaq məhsulları 1,18%, xidmət tarifləri isə 1,64% bahalaşıb».

 

Sentyabra nisbətən oktyabr ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 2,71%, regionlarda isə 1,23% artıb. Bu zaman ərzaq məhsullarının qiyməti Bakıda 3,23%, regionlarda 1,69%, qeyri-ərzaq məhsulları müvafiq olaraq 2,3% və 0,09%, xidmət tarifləri isə 1,85% və 1,44% artıb. Ay ərzində ən çox üzüm (13,78%), ayrı-ayrı ev sahiblərinin mənzilinin icarəsi (13,64%), sümüklü mal əti (7,67%), sümüklü qoyun əti (6,12%), toyuq (2,25%) bahalaşıb. Ağ kələm (13,41%), şabalıd (12,74%), qoz (6,82%), alma (1,61%) isə ucuzlaşıb.

 

«Hesablamalar göstərib ki, 2012-ci ilin 10 ayında ölkədə 6,06%, o cümlədən Bakıda 9,59%, regionlarda isə 2,59% inflyasiya qeydə alınıb. Bu zaman ərzaq məhsulları 8,76%, xidmətlər 4,64%, qeyri-ərzaq məhsulları isə 1,68% bahalaşıb», - deyə İTM-dən bildirilib.

 

Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 8,96% bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 13,23%, regionlarda isə 4,76% artıb: «Qeyd olunan dövrdə ən yüksək inflyasiya həmişəki kimi ərzaq məhsullarında – 14,02% olub. Qeyri-ərzaq məhsullarında 1,16%, xidmətlərdə isə 6,07% artım baş verib».

 

Bundan başqa, İTM-in mütəxəssisləri tərəfindən oktyabr ayı üzrə minimum istehlak səbətinin dəyərini də hesablanıb. Həmin hesablamalara əsasən, ay ərzində Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 167,43 manat, pensiyaçılar üçün 150,84 manat, 0-14 yaşlı uşaqlar üçün isə 205,24 manat təşkil edib: «Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 103,10 manat, pensiyaçılar 92,37 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 112,61 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 38,85 manat, pensiyaçılar üçün 35,86 manat, 0-14 yaşlı uşaqlar üçün 73,9 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,48 manat, 22,61 manat və 17,73 manat təşkil edib.

 

Xatırladaq ki, «Azərbaycanda 2012-ci il üçün yaşayış minimumu haqqında» Qanun əsasında ölkədə 2012-ci il üçün yaşayış minimumu 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR