«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan-Latviya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının bu gün Bakıda keçirilən iclasında Komissiyanın həmsədri Latviyanın nəqliyyat naziri Anrijs Matiss bildirib.
Ölkəsindəki iqtisadi vəziyyət haqqında məlumat verən nazir qeyd edib ki, maliyyə böhranının Latviyaya təsiri azalıb və 2010-cu ildən etibarən ölkədə iqtisadi artım bərpa olunub: «Bu il ölkəmizdə iqtisadi artımın 4% olacağı gözlənilir».
Nazir vurğulayıb ki, iki ölkə arasında ticarət dövriyyəsi 24,5 mln. avro təşkil edir ki, bunun da 20,8 mln-u Latviyadan Azərbaycana, 3,7 mln-u isə Azərbaycandan Latviyaya göndərilən malların payına düşür. Azərbaycandan Latviyaya ixrac olunan malların 90%-ni mineral məhsullar və qida malları təşkil edir. Latviyadan Azərbaycana göndərilən məhsulların 90%-ni isə heyvandarlıq məhsulları və kimya məhsulları təşkil edir.
Latviyalı nazir Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə iki ölkənin sahibkarları arasında əməkdaşlığın gücləndirilməsini, o cümlədən, birgə müəssisələrin yaradılmasını təklif edib.