Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Londonda «CityUK» təşkilatının təşkilatçılığı ilə və Azərbaycan Beynəlxalq Bankı və «Asia House» şirkətinin dəstəyi ilə «Xəzər Dəhlizi» adlı konfrans işə başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, konfransda keçmiş ticarət naziri baronessa Saymons, Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun baş direktoru Con Çipman, biznes, innovasiya və bacarıq naziri lord Marland, Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı, energetika sahəsində ekspert Deniel Ergin, Azərbaycanın Böyük Britaniyada səfiri Fəxrəddin Qurbanov, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Cahangir Hacıyev, Dövlət Neft Şirkətinin vitse-prezidenti Rəfiqə Hüseynzadə və başqaları iştirak edirlər.
Konfrans çərçivəsində regionun infrastruktur, energetika, bank sektoru, ticarət, innovasiya və digər sahələrdə inkişaf potensialı və problemlər müzakirə olunacaq. Konfrans Xəzəri dünyanın ən sürətli inkişaf edən regionu hesab edir. Yaxın illərdə regionda davamlı iqtisadi artım gözlənilir ki, bunun səviyyəsi 5-7% səviyyəsində proqnozlaşdırılır.
Bankın məlumatında deyilir ki, konfransdan sonra qonaqlar Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunan Azərbaycan musiqi axşamına dəvət olunublar. Kral Filarmoniya Orkestri və Azərbaycan ifaçılarının ifasında Yalçın Adıgözəlovun dirijorluğu ilə Fikrət Əmirovun əsərləri və muğam səsləndiriləcək.