Bakı. Əli Əhmədov – APA-Economics. Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın 2013-cü il dövlət büdcəsinin layihəsi ətrafında müzakirələr davam etdirilib. «APA-Economics»in məlumatına görə, toplantıda iştirak edən hökumət üzvləri deputatların əvvəlki iki gündə keçirilən iclaslarda qaldırdığı sualları cavablandırıblar.
Maliyyə naziri Samir Şərifov bildirib ki, sualların əksər hissəsi regionlarda infrastrukturun vəziyyəti, sosial və abadlıq məsələləri ilə bağlı olduğuna görə, onları qısa müddət ərzində konkret cavab vermək qeyri-mümkündür: «Bununla bağlı cavablar hazırlanıb təqdim ediləcək. Prezidentin təsdiqlədiyi proqramlar çərçivəsində ölkənin bütün regionlarında iri infrastruktur layihələrinin həyata keçirilməsi və sosial obyektlərin tikintisi nəzərdə tutulur və ya artıq bu işlər davam edir».
Neftin büdcədəki baza qiymətinin 100 dollar/barel səviyyəsində götürülməsi nəticəsində risklərin mövcud olması barədə suallara cavab verən nazir bildirib ki, bu məsələ Milli Məclisin komitələrinin iclasında bir neçə dəfə müzakirə edilib. Onun sözlərinə görə, dövlət büdcəsinin xərclərinin strukturu elə qurulub ki, bu xərclərin bir hissəsi vergi və gömrük, eləcə də Neft Fondundan transfertlər hesabına maliyyələşməsi nəzərdə tutulur. S.Şərifov qeyd edib ki, Neft Fondunda konkret məbləğ nəzərdə tutulub və bu vəsait büdcəyə köçürüləcək: «Bunun isə neftin qiymətindən asılılığı yoxdur».
S.Şərifov həmçinin bildirib ki, neftin qiyməti ilə əlaqədar gömrük daxilolmalarında da risklərin olması görünmür və bununla bağlı risklər yalnız vergi daxilolmalarında mövcuddur: «Amma vergi daxilolmalarının da bir hissəsi qeyri-neft sektorunun payına düşür. Neft sahəsindən daxilolmalar isə Dövlət Neft Şirkətinin ödədiyi vergilər, eləcə də xarici konsorsiumun (ABƏŞ) ödədiyi mənfəət vergisindən ibarətdir».
Nazirin sözlərinə görə, neftin qiymətinin dəyişməsi özünü yalnız ABƏŞ-in ödədiyi mənfəət vergisinin həcminə təsir edə bilər ki, bu da çox cüzidir.
Bununla yanaşı maliyyə naziri qeyd edib ki, neftin dünya bazarındakı qiyməti Nazirlik tərəfindən daim izlənilir və neftin büdcədəki baza qiymətinə dəyişikliklər gələn illərdə edilə bilər. «Amma hesab edirik ki, hazırda dövlət büdcəsinin icrası üçün neftin qiyməti ilə bağlı risklər mövcud deyil», - deyən S.Şərifov 2012-ci ildə büdcəyə edilən dəyişikliklər zamanı da neftin baza qiymətinin 80 dollardan 100 dollara qaldırıldığını və bunun heç bir problemə səbəb olmadığını xatırladıb.