Bakı. Musa Əhmədov, Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan ölkə başçısının müəyyən etdiyi digər mühüm strateji xətt Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsidir.
“APA-Economics”in məlumatına görə, bunu “İnkişafın 10 ili 2004-2014” konfransında İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, kənd təsərrüfatı istehsalçılarının vergilərdən azad edilməsi, subsidiyaların verilməsi, Taxtakörpü və Şəmkirçay su anbarları, Yuxarı Mil kanalının birinci mərhələsi və digər nəhəng layihələrin həyata keçirilməsi, istehsalçıların lizinq əsasında texnika, gübrə və toxumla təmin olunması, sahibkarların güzəştli şərtlərlə kreditləşdirilməsi və digər tədbirlər nəticəsində 10 ildə aqrar sektor 1,4 dəfə artıb, bu gün müasir texnologiyalara əsaslanan yüzlərlə müəssisə və təsərrüfatlar fəaliyyət göstərir: “Əvvəllər əksər ərzaq məhsullarını idxal edən ölkəmiz hazırda bir sıra əsas ərzaq məhsulları ilə özünü təmin edir, həmçinin onları ixrac edir. Azərbaycanın davamlı inkişafının təmin edilməsində ölkə başçısının müəllifi olduğu regional inkişaf strategiyası müstəsna əhəmiyyətə malikdir. Belə ki, regionların, habelə Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı dövlət proqramları rayon və qəsəbələrin iqtisadi potensialının sürətlə artmasına, infrastruktur təminatının daha da yaxşılaşmasına, müasir müəssisələrin azalmasına səbəb olub, Azərbaycanı bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirib”.
Nazir bildirib ki, bu gün hətta ən ucqar yaşayış məntəqələrinin belə elektrik enerjisi, qaz, içməli su ilə təmin olunması ilə bağlı işlər görülür, rahat yollar, müasir sosial obyektlər istifadəyə verilir: “Məsələn, 10 il ərzində 3 minə yaxın məktəb, 500-dən artıq səhiyyə müəssisəsi, 700-dən artıq mədəniyyət obyekti tikilib, 40-dan artıq olimpiya idman kompleksi istismara verilib. Regionlarda sahibkarlığın inkişafı nəticəsində minlərlə müəssisə fəaliyyətə başlayıb, 1 milyondan artıq yeni iş yeri açılıb”.