Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Xorvatiyanın sabiq prezidenti Stepan Mesiçlə görüşüb.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə IV Bakı Beynəlxalq Humanitar Forumun beynəlxalq əməkdaşlığın genişləndirilməsindəki xüsusi əhəmiyyəti vurğulanıb, Azərbaycan və Xorvatiya arasında iqtisadi əlaqələr, əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
Ş. Mustafayev Azərbaycan və Xorvatiya arasında əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Qeyd edilib ki, yüksək səviyyəli səfərlər, keçirilən görüşlər Azərbaycan və Xorvatiya arasında iqtisadi münasibətlərin genişlənməsində əhəmiyyətlidir.
Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Ş. Mustafayev Azərbaycanda davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanındığını vurğulayıb. O bildirib ki, Azərbaycan iri infrastruktur layihələrinin, bu günlərdə Bakıda təməlqoyma mərasimi keçirilmiş Cənub Qaz Dəhlizinin təşəbbüskarı və fəal iştirakçısıdır. Hazırda Azərbaycan xarici investisiyalar üçün cəlbedici və əlverişli ölkə olmaqla yanaşı, həm də investisiya ixracatçısıdır. Nazir ölkəmizdə yaradılan sənaye parkları, o cümlədən Sumqayıt Kimya Sənaye Parkında iş adamları üçün nəzərdə tutulan güzəştlər barədə də məlumat verib.
S. Mesiç Azərbaycana səfərindən və ölkəmizin iqtisadi inkişafından məmnunluğunu ifadə etmiş, səfər çərçivəsində Azərbaycan prezidenti ilə görüşdüyünü diqqətə çatdırıb. Xorvat iş adamlarının Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olduğunu qeyd edən S. Mesiç sahibkarların əczaçılıq, yol tikintisi və s. sahələrə maraq göstərdiyini qeyd edib.