Bakı. Musa Əhmədov - APA-Economics. Pakistan hökuməti bu ölkənin Milli Bankının Bakı filialının məcmu kapitalının 50 mln. manata çatdırılması ilə bağlı hələlik qərar verməyib.
Bankın Bakı filialının baş menecerinin müavini Sahib Quliyev “APA-Economics”ə bildirib ki, hazırda Pakistan hökumətində bu məsələ müzakirə olunur.
Onun sözlərinə görə, bankın fəaliyyətində hər hansı dəyişiklik Pakistan hökumətinin qərarından asılıdır.
“Bu bankın sahibi Pakistan hökuməti olduğundan bankın fəaliyyəti ilə bağlı qərarı Pakistan hökuməti verir. Pakistanda dekabrın 30-u, 31-i və yanvarın 2-si iş günüdür. Ola bilər ki, ya bu gün, ya sabah, ya da yanvarın 2-də qərar qəbul etsinlər. Bankın bazarda qalması, bağlanması və ya bank olmayan kredit təşkilatın çevrilməsi məsələsi Pakistan hökumətinin qərarından asılı olacaq. Bununla bağlı, indidən hər hansı fikir söyləmək düzgün deyil. Pakistan hökuməti üçün 50 mln. manat nə puldur ki? Sadəcə olaraq bankın qərarını gözləmək lazımdır”, - deyə S. Quliyev vurğulayıb.
S. Quliyev əlavə edib ki, indi Pakistan Milli Bankının Bakı filialı onlara müəyyən qədər vaxt verilməsi üçün Azərbaycan Mərkəzi Bankına məktub hazırlayır: “Azərbaycanla Pakistan arasında münasibətlər çox yüksək səviyyədədir. Azərbaycan Mərkəzi Bankının qərarına hörmətlə yanaşırıq. Bilirsiniz ki, 2015-ci ilin yanvarın 10-na kimi Azərbaycanda banklar prudensial hesabatları Azərbaycan Mərkəzi Bankına təqdim edir. Qurum prudensial hesabat olmadan hər hansı bankın kapital tələbini yerinə yetirib-yetirmədiyini müəyyən edə bilməz. Yəni, hələ bir 10 gün vaxt var. O vaxta qədər ola bilər ki, 50 mln. manatı göndərsinlər. Ola bilər ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən bizə müəyyən vaxt versinlər”.
Qeyd edək ki, Pakistan Milli Bankının Bakı filialının məcmu və nizamnamə kapitalı 10,2 mln. manat təşkil edir.