Qazaxıstan Milli Bankı ölkə vətəndaşlarının pensiya yığımlarının Azərbaycan Beynəlxalq Bankının (ABB) istiqrazlarına yatırılmasına hüquqi qiymətin verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edəcək. "APA-Economics" xəbər verir ki, bunu Qazaxıstan Milli Bankının sədri Daniyar Akişev bildirib.
D.Akişev xatırladıb ki, 2014-cü ilin oktyabr ayında Qazaxıstanın "Vahid Pensiya Yığımı Fondu" SC ABB-nin 10 illik istiqrazlarına 250 mln. dollar yatırıb. İstiqrazların kupon dərəcəsi 8,25%-dir. Yatırım ixtisaslaşmış ofşor şirkət üzərindən qapalı üsulla həyata keçirilib. Emissiyanın yeganə investoru qismində Fondun aktivlərinin idarəçiliyi ilə məşğul olan Milli Bank olub. "İnvestisiyanın bəzi detalları bir sıra suallar doğurur. Bu səbəbdən daxili araşdırmadan sonra Milli Bank hüquq-mühafizə orqanlarına müraciət edəcək", - deyə baş bankir qeyd edib.
Onun sözlərinə görə, ABB-nin istiqrazlarının alışı ilə bağlı qərar "Vahid Pensiya Yatırım Fondu"nun əməkdaşları tərəfindən deyil, o zaman Milli Bankda çalışan bəzi əməkdaşlar tərəfindən qəbul olunub".
Ötən gün Londonda ABB-nin xarici öhdəliklərinin restrukturizasiya planına münasibət bildirən sədr deyib ki, investorlar "çətinlik və itki ilə üzləşəcəklər". "Buna baxmayaraq, Milli Bank və hökumət ən optimal, daha az itkiyə səbəb olacaq variantı seçəcək", - deyə o əlavə edib.