"Qazaxıstanın Xalq Bankı" SC-nin portfelində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) istiqrazları olub, lakin iki il bundan öncə Azərbaycanın bank sektorunda vəziyyət pisləşdikdən sonra "Halyk Group" (bankın törəməsi) qiymətli kağızları satıb. "APA-Economics" "Informburo" agentliyinə istinadən xəbər verir ki, bunu bankın İdarə Heyətinin sədri Umut Şayaxmetova bildirib.
"Biz mövqelərimizi hələ 2014-cü ilin sonu - 2015-ci ilin əvvəlində bağladıq və itkiyə məruz qalmadıq. Biz riski gördük. Bizim risk-menecmentimizin siyasəti emissiyanın ümumi həcmindən 15% artığını almağa imkan vermir. Məndə olan məlumata görə, "Vahid Pensiya Yığımı Fondu" SC emissiya olunan qiymətli kağızların 50%-dən çoxunu alıb. Bir bankir və aktivləri idarə edən şəxs kimi bu qədər qiymətli kağızın alışının məqsədi mənə aydın deyil", - deyə bankir qeyd edib.
Onun müavini Yertay Salimov isə deyib ki, "Halyk Group" ABB-nin qiymətli kağızlarına 15 mln. dollar yatırıb. "Lakin biz bu əməliyyatdan gəlirlə çıxa bildik", - deyə o əlavə edib.
Qeyd edək ki, Qazaxıstanın "Vahid Pensiya Yığımı Fondu" SC ABB-nin istiqrazlarına 71,3 mlrd. təngə (təxminən 392 mln. manat) yatırıb.
Xatırladaq ki, ABB xarici borcunun restrukturizasiyası ilə bağlı Nyu-York məhkəməsinə müraciət edib. Bankın İdarə Heyətinin sədri Xalid Əhədov bəyan edib ki, öhdəliklərin restrukturizasiyası zamanı kreditorlar ABB-nin aktivlərinə qarşı tələblər irəli sürə bilməyəcək.
Ötən gün isə "Fitch" və "Moody`s" beynəlxalq reytinq agentlikləri ABB-nin reytinqinə yenidən baxıb.