Bank Of Baku

Qəbələdə keçirilən Beynəlxalq Tələbə Konfransı başa çatıb

Qəbələdə keçirilən Beynəlxalq Tələbə Konfransı başa çatıb
# 01 iyul 2016 13:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Qəbələdə keçirilən Beynəlxalq Tələbə Konfransı başa çatıb.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, konfransın 3-cü iş günündə "Ticarətin Asanlaşdırılması üçün elektron gömrük xidmətləri" adı altında sonuncu sessiya keçirilib.

DGK-nın Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayevin moderatorluğu ilə keçirilən sessiyada Ukrayna Gömrük və Maliyyə Universiteti, Bolqarıstanın Varna İqtisadiyyat Universiteti, Çinin Şanxay Gömrük Kolleci, Boston Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Macarıstan Milli Dövlət Qulluğu Universiteti, Özbəkistan Dövlət Gömrük Komitəsinin Ali Hərbi Gömrük İnstitutu, Avropa Kollecinin müəllim və tələbələri, Türkiyə Gömrük və Ticarət Nazirliyinin eksperti məruzələrlə çıxış ediblər.  Məruzələrdə ticarətin asanlaşdırılması, biznes dünyasının inkişafı və digər sahələrdə elektron gömrük xidmətlərinin rolundan, elektron gömrük xidmətlərində risklərin azaldılması və idarə olunmasından bəhs olunub.

 

Bununla da konfrans öz işini başa çatdırıb. Konfransın yekununda çıxış edən DGK sədri Aydın Əliyev tədbirin məhsuldar keçdiyini və gömrük işinin təşkili sahəsində  qarşıya qoyulan məqsədlərin reallaşdırılmasında konfransın mühüm rol oynayacağına ümidvar olduğunu bildirib. Komitə sədri konfransda müzakirə olunan məsələlərin əhəmiyyətinə toxunaraq səsləndirilən fikir və mülahizələri gələcəkdə gömrük əməkdaşlığının daha  gücləndirilməsində və potensialın artırılmasında irəliyə doğru atılan ən mühüm addımlardan biri kimi qiymətləndirib.

 

Konfransın təşkilinə və yüksək səviyyədə keçirilməsinə görə DGK rəhbərliyinə minnətdarlıqlarını ifadə edən  Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi katibliyinin rəhbəri, Charles Sturt Universitetinin Gömrük və Aksiz Araşdırmaları Mərkəzinin baş müəllimi Mixail Kaşubski və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Gömrük işinin modernləşdirilməsi üzrə məsləhətçisi Hendrikus van Zandvijk  xüsusilə bu sahədə təhsil alan gənc nəslin fikirlərinin, onların bu sahəyə baxışlarının və  yanaşmalarının  öyrənilməsinin gömrük işinin gələcəkdə daha səmərəli şəkildə qurulmasına böyük  kömək göstərəcəyinə əminliklərini ifadə ediblər.

 

Konfrans çərçivəsində  qonaqlar Şəki rayonunun Kiş kəndində yerləşən Alban məbədinə və Şəki Xan sarayına da səfər ediblər.

 

Qeyd edək ki , iyunun 29-da başlayan  konfransda dünyanın 20 ölkəsinin-Avstriya, Belarus, Belçika, Bolqarıstan, Çin, Makedoniya, Gürcüstan, Almaniya, Macarıstan, Litva, Niderland Krallığı, Polşa, Rusiya Federasiyası, Seneqal, İsveç, Türkiyə, Ukrayna, Amerika Birləşmiş Ştatları, Özbəkistan, Vyetnamın mötəbər universitetlərində  gömrük  ixtisası üzrə təhsil alan tələbələr, gömrük sahəsində ixtisaslaşan elm adamları, eləcə də dünyaca məşhur gömrük mütəxəssisləri Vaslav Çijoviç, Zlatko Veterovski  iştirak edib.

 

Konfrans çərçivəsində “Beynəlxalq ticarət”, “Gömrük potensialının gücləndirilməsi”,  “Gömrük risklərinin təhlili və idarə edilməsi”, “Ticarətin asanlaşdırılması üçün elektron gömrük xidmətləri”  adı altında  4 sessiya keçirilib   və müxtəlif ölkələrin elm ocaqlarını təmsil edən elm adamları, tələbələr və gömrük ekspertlərinin təqdimatında ümumilikdə 50-dək məruzə dinlənilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR