Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ildə Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 1,3 mln. manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2014-cü ildə sahibkarlar tərəfindən edilmiş müraciətlərə əsasən 150 xüsusi razılıq (lisenziya) verilib. Onlardan 14-ü qiymətli metalların və qiymətli daşların emalı və istifadəsi, 135-i dövriyyəsi, 1-i istehsalı və 14-ü xüsusi razılığın (lisenziyanın) surətini təşkil edib, 13 lisenziyanın fəaliyyəti dayandırılıb, 6 lisenziya ləğv edilib, 78,6 min manat məbləğində dövlət rüsumu ödənilib.
Dövlət Xidməti tərəfindən “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanununun tələblərinə əməl edilməsinə riayət edilməsi məqsədilə 2014-cü ildə 15 sahibkarlıq fəaliyyəti subyektində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna əsasən yoxlama aparılıb. Nəticədə sahibkarlıq subyektlərindən ekspertiza, analiz, əyarlanma və damğalanma məqsədilə 2014-cü ildə 5816 ədəd məmulatın Dövlət Xidmətinə gətirilməsi təmin edilib. Onların üzərində mənşəyi məlum olmayan ad və əyar damğa izləri aşkar edilib, bu izlər təmizlənib və məmulat müvafiq əyarlara uyğun dövlət əyar damğası ilə damğalanıb.
Yol verilmiş nöqsanlarla əlaqədar qanun pozuntusu aşkar edilmiş sahibkarlar barədə inzibati xətalar üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında qərar çıxarılıb və ümumilikdə 18 min manat məbləğində inzibati cərimə ödənilib.
Dövlət Xidmətinə ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə 2014-cü ildə 1 mln. 217 min manat dövlət rüsumu ödənilib. Ümumilikdə Dövlət Xidməti tərəfindən 2014-cü il ərzində 1,3 mln. manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
İl ərzində Xidmət tərəfindən nəzarət tədbirləri ilə yanaşı, müvafiq qanunvericilik aktlarının izahı ilə bağlı sahibkarlıq fəaliyyəti subyektlərinə mütəmadi olaraq izahat və xəbərdarlıq məktubları göndərilib, hüquq və vəzifələrinin izahı ilə bağlı zona müşavirələri keçirilib.