«APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan Serbiyanın baş nazirinin müavini, xarici və daxili ticarət və telekommunikasiyalar naziri Rasim Lyayiç bildirib.
Nazirin sözlərinə görə, 2009-cu ildən iki ölkə arasında müxtəlif sahələri əhatə edən 21 sənəd imzalanıb. R.Lyayiç onu da qeyd edib ki, Azərbaycan və Serbiya arasında əməkdaşlığın bir qədər də inkişaf etdirilməsi üçün bir çox sahələrdə geniş potensial mövcuddur: «Hazırda iki ölkə arasında ticarət dövriyyəsi cəmi 20 mln. dollar təşkil edir. Lakin bu göstərici heç bir tərəfi qane etmir. Belə ki, ticarət dövriyyəsinin artırılması üçün hər cür şərait və imkanlar var».
R.Lyayiç onu da bildirib ki, gələn ilin fevralında iki ölkə arasında imzalanacaq strateji əməkdaşlıq sənədində iqtisadiyyatın bir çox sahələrinin inkişaf etdirilməsi məsələsi də əksini tapıb: «Azərbaycan və Serbiya arasında əməkdaşlığın genişləndirilməsi üçün energetika, kənd təsərrüfatı, kimya sənayesi, infrastruktur, tikinti, turizm v s. kimi potensial sahələr mövcuddur».
R.Lyayiç qeyd edib ki, noyabrın 26-27-də Bakıda iki ölkənin hökumətlərarası komissiyasının iclası və biznes forumun keçirilməsi Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişafına təkan verəcək.