Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın gömrük orqanları narkotik tacirlərin respublika ərazisinə 2 kiloqram 480 qram narkotik maddə keçirmək cəhdinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, narkotik vasitə Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan, Ukrayna vətəndaşı Əsədov Niyazi Cavanşir oğlunun idarə etdiyi “Volkswagen Transporter” markalı, AK 1046 AP dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə və nəqliyyat vasitəsində olan yüklərə keçirilmiş gömrük baxışı zamanı aşkar edilib.
Belə ki, gömrük baxışı zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə nəqliyyat vasitəsindəki 1 ədəd yağ qutusunda olan yağın içərisində gizlədilən ağ rəngli polietilen bağlamaya bükülmüş vəziyyətdə, xalis çəkisi 2 kiloqram 480 qram bitki mənşəli kütlə, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
İstintaqla müəyyən edilib ki, Qarayev Dəyanət adlı şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə Ukraynada şəxsiyyəti istintaqla müəyyən edilməmiş bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib, istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, 2 kiloqram 480 qram qurudulmuş marixuana narkotik vasitəsini əldə edib, yağın içərisində yerləşdirib saxlayıb, N. Əsədovun idarə etdiyi “Volkswagen Transporter” markalı sərnişin mikroavtobusunun salonunda daşıyaraq Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməyə çalışıb.
Aparılmış əməliyyat tədbirləri zamanı Qarayev Dəyanət Babaxan oğlu Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Mineralnıye Vodı aviareysi ilə ölkə ərazisini tərk etmək istəyərkən saxlanılıb.
Beləliklə, D. Qarayevin CM-nin 206.3.2, 234.4.1, 234.4.3 maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi toplanıb sübutlarla kifayət qədər təsdiq edildiyindən şübhəli şəxs qismində tutulub, Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı olan digər şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.