Bakı. Musa Əhmədov, Aqşin Rafiqoğlu - APA-Economics. Siyasi və iqtisadi qüdrəti davamlı olaraq artan Azərbaycan bu gün regionun bütün siyasi və iqtisadi məsələlərinin həllində əvəzolunmaz iştirakçı, əsas söz sahibidir. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50%-ni təşkil edirdisə, bu gün ölkəmizin payı 78,6%-ə yüksəlib.
“APA-Economics”in məlumatına görə, bunu “İnkişafın 10 ili 2004-2014” konfransında İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, son 10 il ərzində 174 dövlət proqramı təsdiq edilib, onlardan 104-ü tam icra olunub, digərləri icra olunmaqdadır: “Bu proqramların uğurlu icrası nəticəsində iqtisadiyyatın bütün sahələri dinamik inkişaf etmiş, ÜDM 3 dəfə artıb, artıq 6 ildən çoxdur ki, dünyada davam edən və siyasi, iqtisadi, sosial kataklizmlərlə müşaiyət olunan böhran proseslərinə baxmayaraq Azərbaycan iqtisadiyyatı davamlı inkişaf edib, qarşıya qoyulmuş məqsədlərə nail olunub, nəzərdə tutulan bütün işlər yerinə yetirilib”.
Ş. Mustafayev bildirib ki, hətta son zamanlar bəzi ölkələrdə yaşanan ciddi iqtisadi problemlər, qiymətlərin sürətlə artması, valyuta bazarlarında kəskin təlatümlər fonunda da Azərbaycan iqtisadiyyatı yüksək dayanıqlıq nümayiş etdirir, həyata keçirilən siyasətin alternativsiz olduğunu bariz şəkildə göstərir: “Ölkənin iqtisadi inkişafının dayanaqlığının təmin olunmasında, dünya iqtisadiyyatında cərəyan edən böhran meyllərinin mənfi təsirinin qarşısının alınmasında prezident İlham Əliyevin elə ilk günlərdən bəyan etdiyi və uğurla həyata keçirdiyi iqtisadiyyatın şaxələndirilməsi siyasəti həlledici rola malik olub. Əgər əvvəlki illərdə ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 37% təşkil edirdisə, bu gün artıq bu sektorun payı 59%-ə çatıb və iqtisadiyyatın strukturundakı bu müsbət dinamika davam edir, sənaye, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, turizm və digər sahələr inkişaf edir”.
Nazir qeyd edib ki, iqtisadiyyatın şaxələndirilməsinin ən mühüm istiqamətlərindən biri aparılan sənayeləşdirmə siyasəti, xüsusilə qeyri-neft sənayesinin inkişafı ilə bağlı görülən kompleks tədbirlərdir: “Son on ildə ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişlənməklə bərabər, kosmik, müdafiə, alternativ enerji, gəmi istehsalı və digər yeni sənaye sahələri yaradılıb. Ümumilikdə, irimiqyaslı işlərin nəticəsində, son 10 ildə müasir texnologiyalara əsaslanan yüzlərlə müəssisə fəaliyyətə başlamış, bir sıra sənaye məhsulları ilə özünütəminat səviyyəsi yüksəlib, qeyri-neft sənayesi 2.2 dəfə artıb, sənayenin ÜDM-də xüsusi çəkisi 48%-ə çatıb”.